“Son günlər ABŞ Dövlət katibi Mark Rubionun Suriya və Cənubi Qafqazla bağlı verdiyi bəyanatlar Vaşinqtonun regional siyasətində yeni mərhələyə keçid etdiyinə işarə edir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq “münaqişə riskinin hələ də qalması” fikrini səsləndirməsi, ABŞ-nin bu münaqişə kontekstində daha aktiv mövqe tutmaq niyyətində olduğunu göstərir. Rubionun açıqlaması zamanlama baxımından da təsadüfi deyil. ABŞ diplomatının bu fikirləri, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və orada verdiyi ziddiyyətli bəyanatlardan dərhal sonra səsləndirilib. Lavrovun çıxışında Rusiyanın regiondakı mövqeyini qorumağa yönəlmiş ritorikası Vaşinqtonun cavab verməsini qaçılmaz edib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.
Xatırladaq ki, ABŞ Dövlət katibi Mark Rubionun Suriya və Cənubi Qafqazla bağlı açıqlamaları narahatlıq yaradıb. Rubio Azərbaycan və Ermənistan arasında münaqişə riskinin davam etdiyini, Ağ Evin isə sülhün təmininə və toqquşmanın qarşısının alınmasına yönəldiyini bildirib. O, həmçinin Suriyada vətəndaş müharibəsi ehtimalını və yaxın həftələrdə hazırkı hökumətin süqutunu proqnozlaşdırıb. Bu bəyanatlar, ABŞ-nin yeni administrasiyası ilə Bakı arasındakı müsbət münasibətlər fonunda diqqət çəkir.
Millət vəkili bildirib ki, belə bir kontekstdə Rubionun çıxışı ABŞ-nin səssiz, lakin məqsədyönlü xəbərdarlığı kimi qiymətləndirilə bilər.
“Lakin bu xəbərdarlığın konkret ünvanı açıq şəkildə göstərilmir — bu da ABŞ diplomatiyasının klassik “strateji qeyri-müəyyənlik” yanaşmasını xatırladır. Eyni zamanda, Suriyadakı rejimlə bağlı səsləndirilən ehtimallar və bölgədəki mümkün siyasi dəyişikliklərə dair verilən mesajlar göstərir ki, ABŞ təkcə Cənubi Qafqaz deyil, daha geniş coğrafi ərazidə – Qafqazdan Şərqi Aralıq dənizi xəttinə qədər – yeni strateji fəallıq nümayiş etdirir. Bu fon kontekstində Rubionun açıqlamaları təkcə cari situasiyaya reaksiya deyil, eyni zamanda bölgədəki aktorlara ünvanlanmış planlı və uzunmüddətli mesaj kimi çıxış edir. ABŞ bu ritorika ilə regionun təhlükəsizlik arxitekturasında daha fəal rol oynamaq niyyətini ortaya qoyur və Cənubi Qafqaz masasında yer almağa cəhd göstərdiyini nümayiş etdirir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az