Artıq süni intellekt həyatımıza sarmaşıq kimi yayılıb. Texnologiyanın bu sürətli yürüşü həyatımızın bütün sahələrinə nüfuz edib – təhsildən səhiyyəyə, iqtisadiyyatdan mediaya qədər. Ancaq maraqlıdır ki, cəmiyyətin bir hissəsi hələ də bu yeniliyin bizə gərək olub-olmadığı ilə bağlı tərəddüdlər içindədir. Polemikalar səngimir, şübhələr bitib-tükənmir.
Dünən iştirak etdiyim forumda bu mövzu ətrafında maraqlı çıxışlardan biri yaddaşımda dərin iz buraxdı. Natiqlərdən biri süni intellektə münasibətdə cəmiyyətdə hökm sürən qorxunu belə bir bənzətmə ilə izah etdi:
“Təsəvvür edin ki, ucqar bir dağ kəndində yaşayırsınız. Uzun illərdir gözlədiyiniz təbii qaz nəhayət ki, çətinliklə də olsa kəndinizə çəkilib. Amma siz qışın sərt soyuğunda həmin qazdan istifadə etməyə cürət etmirsiniz və bunu belə əsaslandırırsınız: birdən ehtiyatsızlıqdan ev yanar”.
Bu bənzətmə insanı yalnız gülümsətmir, həm də düşündürür. Çünki süni intellektin yaratdığı imkanlardan imtina etmək – qorxuya təslim olmaq deməkdir. Halbuki, ehtiyatla və düzgün yanaşma ilə bu texnologiya həyatımızı daha təhlükəsiz, səmərəli və rahat edə bilər.
Əsl sual budur: biz texnologiyadan istifadə edəcəyik, yoxsa onun bizdən istifadə etməsinə şərait yaradacağıq?
Məhəmmədəli QƏRİBLİ