Azərbaycanın strateji seçimi: Balanslaşdırmadan Prinsipiallığa doğru

26 May 2025 20:41 (UTC+04:00)

“Son illərdə Azərbaycan xarici siyasətində balanslaşdırılmış yanaşmadan daha çox, milli maraqlara əsaslanan konkret və prinsipial mövqe nümayiş etdirir. Rəsmi Bakı artıq müxtəlif qlobal güclər arasında tarazlığı qorumaqdan çox, dövlətin strateji maraqlarına uyğun, yönümlü və çevik diplomatik manevrlərə üstünlük verir. Bu, Azərbaycanın regional və qlobal məkanda artan nüfuzu, siyasi iradə mərkəzinə çevrilmək potensialı ilə birbaşa əlaqəlidir. Azərbaycanın güclənən mövqeyi fonunda, rəsmi Bakıya istənilən xarici təzyiq artıq real təsir göstərmir. Bu, ölkənin müstəqil siyasət yürütmə imkanlarının artması və öz strateji tərəfdaşlarını sərbəst şəkildə seçə bilməsi ilə izah olunur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə NATO rəsmiləri ilə görüşlər keçirib. Tərəflər Azərbaycan-NATO əməkdaşlığını, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onun Tehrandan qayıtdıqdan dərhal sonra bu səfəri geosiyasi baxımdan diqqət çəkib.

Siyasi şərhçi bildirib ki, balanslaşdırılmış xarici siyasət modeli artıq keçmişdə qalıb və Azərbaycan bu gün yalnız milli maraqlarına uyğun qərarlar qəbul edir.

“Azərbaycanın İranla münasibətləri sırf ikitərəfli formatda davam etdirilir. Bu əlaqələr digər regional və qlobal güclərlə münasibətlərin xaricində və onlardan asılı olmadan formalaşır. Paralel olaraq, rəsmi Bakı Qərblə də sıx və konstruktiv əlaqələrin qurulmasına xüsusi önəm verir. Bu, ilk növbədə, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşı statusu ilə bağlıdır. Lakin Bakı təkcə Qərblə kifayətlənmir. Azərbaycan paralel olaraq Çin, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi beynəlxalq platformalarla da münasibətlərini genişləndirməyə çalışır. Bu isə müasir beynəlxalq siyasi sistemin çoxqütblü modelə keçidi fonunda tamamilə başadüşüləndir. Azərbaycanın təhlükəsizlik siyasəti çərçivəsində NATO ilə münasibətləri xüsusi yer tutur. Ölkə NATO-nun yaxın tərəfdaşlarından biridir. Azərbaycan hərbçiləri alyansın təlimlərində iştirak edir, Əfqanıstandakı sülhməramlı missiyada aktiv şəkildə yer alıb. Bu faktlar göstərir ki, Azərbaycan və NATO arasında dərin və çoxşaxəli tərəfdaşlıq mövcuddur və bu əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir. Ukrayna müharibəsi fonunda qlobal vəziyyətin daha da mürəkkəbləşməsi və mümkün təhlükələrin Cənubi Qafqaza yönəlməsi ehtimalı Azərbaycan üçün də strateji baxımdan yeni yanaşmalar tələb edir. Rəsmi Bakı NATO ilə əlaqələrini inkişaf etdirməklə, müstəqil siyasətini və xarici təsirlərə qarşı dayanıqlılığını nümayiş etdirir. Bu, Azərbaycanın yalnız suveren qərarlar verdiyini və heç bir xarici gücün iradəsini nəzərə almaq məcburiyyətində olmadığını göstərir”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın NATO ilə münasibətlərində Türkiyənin rolu xüsusilə önəmlidir:

“Türkiyə alyansın əsas və aparıcı üzvlərindən biridir və Azərbaycanla hərbi-strateji müttəfiqlik münasibətləri bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın silahlı qüvvələrinin NATO standartlarına yaxınlaşdırılması prosesi bu əməkdaşlığın nəticəsidir. Nəticə etibarilə, Azərbaycan nə İranın, nə Rusiyanın, nə də başqa hər hansı bir güc mərkəzinin iradəsinə uyğun siyasət yürütmür. Rəsmi Bakı bu ölkələrlə münasibətləri yalnız ikitərəfli əsasda qurur və bu əlaqələr Azərbaycanın digər vektorlar üzrə siyasətinə təsir etmir. Xarici siyasət tamamilə müstəqil şəkildə formalaşır və həm Qərb, həm də Şərq istiqamətində birbaşa, açıq və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modeli tətbiq edilir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin NATO-da keçirdiyi görüşlər də bu yanaşmanın bariz nümunəsidir. Bu görüşlər Azərbaycanın alyansla münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq niyyətinin göstəricisidir və ölkənin müstəqil, prinsipial və çoxşaxəli xarici siyasət xəttinin davamlı olduğunu sübut edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az