Ötən illərin birində 27 may axşamı idi. Xatirini çox istədiyim dostlarımın səhifələrində “yarın cümhuriyyət elan edirik, arkadaşlar” deyə postlar və Məhəmməd Əmin Rəsulzadənin şəkli paylaşılırdı. Ərkim çatan birini aradım, bu fikrin Rəsulzadəyə deyil, Mustafa Kamal Atatürkə aid olduğunu söylədim. Cavabı belə oldu: “əşi, nə fərqi var?”.
Fərqi odur ki, tarix “əşi” yanaşmasını qəbul eləmir, bir də ömründə bir manqa əsgərə komanda verməmiş bir adamı Mustafa Kamalın timsalında hərbi liderlə, məmləkətini Qurtuluş savaşında xilas etmiş paşa ilə tutuşdurmaq siyasi fantaziyanın sərhədlərini aşır. Bütün bunlar uzun illər ərzində Məhəmməd Əmin Rəsulzadənin tarixdəki yerinin və rolunun pozitiv elmi arqumentlərlə müzakirə olunmasının qarşısının alınması və məqsədyönlü bir mifləşdirmənin nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə nəticələnən proses uzunmüddətli və çoxmərhələlidir. Bu prosesin adı millətləşmədir.
Millətləşmənin birinci mərhələsi mədəni müstəvidədir. Üç böyük siması var. Tarixşünaslığımızı yaradan Abbasqulu ağa Bakıxanov, ilk mətbuatımızı təsis edən Həsən bəy Zərdabi, modernist fəlsəfəmizi ərsəyə gətirən Mirzə Fətəli Axundov.
Siyasi məllətləşmə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır. Hüseynzadə və Ağaoğlu Osmanlıya köçdükdən sonra prosesin ağırlığı və məsuliyyəti Topçubaşovun üzərinə düşdü.
Dövlət millətləşməsinin 4 əsas siması var: Fətəli xan Xoyski, Nəsib bəy Yusufbəyli, Xəlil bəy Xasməmmədov və sonradan satqınlıq eləsə də, Məmmədhəsən Hacınski. Xoyski və Yusifbəyli dövlətin baş nazirləridirlər. Yusifbəyli dövlətə “Azərbaycan” adını və cümhuriyyət şəklini verən, milli muxtariyyəti ilk tələb edən şəxsdir. Xəlil bəy AXC-nin elan edilməsini ilk dəstəkləyən, onu hüquq dövlətinə çevirən bir simadır. AXC-ni ilk dönəmlərdə ayaqda saxlayan Osmanlı ilə bağlanan Batum müqaviləsi oldu. Hacınski o müqaviləni bağlayan AXC nümayəndə heyətinin rəhbəridir, Rəsulzadə onun başçılıq etdiyi heyətə daxil idi.
Göründüyü kimi, AXC-nin təşəkkülündə yer alan 10 əsas tarixi şəxsiyyət arasında Rəsulzadə yoxdur. Rəsulzadənin AXC-nin elan edən Milli Şuraya qiyabi sədr seçilməsi onun lider vəsfləri ilə bağlı deyildi. Məsələnin arxa planına baxaq.
1917-ci ilin Fevral inqilabından sonra Azərbaycanda siyasi partiyalar təşkilatlanmağa başladı. Amma ölkədə çox ciddi bir problem vardı- regional qarşıdurma. Hacı Zeynalabdin Tağıyevlə bağlı bir məişət olayından sonra “Bakı- Bakılılar üçündür” şüarı ortaya atılmış, Qarabağ və Zəngəzur mənşəli ziyalıları da əhatə edən Gəncə klanını gözümçıxdıya salmışdılar. Çarın devrilməsindən sonra sürətlənən proseslər milli həmrəylik formalaşdırılmasını qaçılmaz edirdi. Bu zaman Gəncə mərkəzli TFP və Bakı mərkəzli Müsavatın birləşməsi ideyası gündəmə gəldi. Hacı Zeynalabdin Tağıyevdən maddi və mənəvi dəstək alınması üçün sədr postu Rəsulzadəyə verildi. Daha sonra Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə 10 nömrəli siyahı birləşmiş Müsavat partiyasın dəstəklədiyi namizədlərdən ibarət formalaşdırıldı, amma siyahıya Rəsulzadə başçılıq etmədi. Çünki nə partiyada, nə də cəmiyyətdə Rəsulzadə öz liderliyini təsbit etməmişdi, daha çox “ortaq fiqur” kimi qəbul olunurdu.
Rəsulzadənin siyasi xadim kimi populyarlaşması Bakıdakı Qafqaz, Moskvadakı Ümumrusiya müsəlmanları qurultayında baş verdi. Hər iki tədbirdə o, Əlimərdan bəyin gölgəsində irəliləyirdi.
Onun AXC-nin “baş ideoloqu”, “ruhu” olması barədə deyilənlərin də heç bir əsası yoxdur. Bu rəyin əsas müəllifi Stalindir. Rəsulzadə vaxtilə Stalinə soyğun təşkil etmişdi, bu üzdən dərin yoldaşlıqları vardı. Ancaq Stalinin Rəsulzadəni niyə xilas etməsinin səbəblərindən bu günə qədər də aydın danışılmır. Baxmayaraq ki, bu barədə Rəsulzadənin memuarları var. O memuarları oxuyanda verdiyi izahatların inandırıcı olmadığını Rəsulzadə özü də hiss edir. Mənim versiyama görə, AXC elan olunduqdan sonra Stalinin çar polisləri tərəfindən ələ alınması barədə sənəd Rəsulzadənin əlinə keçmişdi. Bu sənəd Stalinin cari və perspektiv karyerasını sual altına alırdı. Onu ələ keçirmək üçün Stalin Rəsulzadəni əvvəlcə Moskvaya apardı, sənədi gətizdirəndən sonra isə xaricə çıxmasına izn verdi. Xaricdə Rəsulzadənin ilk işi Topçubaşovun parlamentin sədri kimi elan etdiyi mühacir hökumətini sarsıtmaq, Əlimərdan bəyə qarşı qaralama kampaniyası aparmaq, Xasməmmədov, Şeyxzamanlı və digərlərini Müsavatdan qovmaq oldu. Diqqət etsək, bütün bunlar Stalinin işinə çox yarayır...
Rəsulzadə bir neçə məhəlli dil bilirdi, rus dilində isə çətinliklə danışırdı. Moskvadakı Müsəlman Qurultayında rus dilində danışa bilməmişdi. O dövrdə Azərbaycan, fars və Osmanlı dillərinə Qərb ədəbiyyatı kütləvi şəkildə tərcümə olunmurdu. Rus dilində az da olsa nəşrlər vardı. Məsələn, “Kapital” ruscaya tərcümə olunmuşdu. Amma bu əsəri dərk, təhlil və təqdim etmək üçün fərdin geniş elmi bazaya malik olması gərəkirdi. Rəsulzadə sistemli təhsil almadığından və rus dilini zəif bildiyindən “Kapital”ı mənimsəyəcək intellektual səviyyəyə malik deyildi. Solçu olduğu halda solun əsas mənbəsini mənimsəməmiş bir insan ideoloq kimi çıxış edə bilərmi? Bəli, Rəsulzadə öz məqalələrində müxtəlif fəlsəfi, siyasi cərəyanlardan zaman-zaman danışırdı, amma bütün bunlaq dərin mütaliənin yox, ondan-bundan eşitdiklərinin nəticəsi idi. Deyək ki, Əhməd bəy Ağaoğlu Fransada təhsil almış, orada fransız elmi-fəlsəfi ədəbiyyatını mənimsəmişdi. Rəsulzadə hansı Avropa dilini bilirdi ki, o dildə də nə isə oxusun?
AXC elan olunduqdan dərhal sonra paytaxt Gəncəyə köçdü, Gəncədə isə böhranla üzləşdi. AXC-nin formalaşmasının birinci mərhələsində dövlətin hüdudlarında cəmi 3 gün olan Rəsulzadə bu müddətdə formal vəzifəsini itirdi, Milli Şura qeyd-şərtlə səlahiyyətlərini Nazirlər Şurasına verdi. Məhəmməd Əmin bəy İstanbula göndərildi. Guya AXC-nin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimatlarla idarə olunduğunu, hətta Qafqaz İslam Ordusunun Bakını onun təlimatı ilə azad etməsinin iddia olunması boşboğazlıqdan başqa bir şey deyil. Azərbaycanın baş naziri Fətəli xan əsilzadə idi, Moskvada hüquq təhsili almış, Duma üzvü olmuş, Bakı şəhər bələdiyyəsinə rəhbərlik etmiş, Zaqafqaziya Xalq Maarifi Komissarı olmuşdu. Onu Rəsulzadənin siyasi-ideoloji təsiri altında olmasına rəvac verən heç bir səbəb yox idi. Xoyski Azərbaycan dilində yaxşı danışa bilməməsi xaricində, şəxsi keyfiyyətlərinə görə kompenent bir fiqur idi.
AXC-nin ideoloji sütunları türkçülük, islamçılıq, müasirlik, azərbaycançılıq, istiqlalçılıq, respublikaçılıq, sekulyarlıq, konstitusiyaçılıq idi. Konstitusiya qəbul olunmadı, amma əsas ideoloji xəttlərdən biri idi. Bu ideoloji sütunlardan heç birinin, bəli, hətta bircəciyinin də yaradıcısı Rəsulzadə deyil. Tam əksinə, Rəsulzadənin publisistik fəaliyyəti ilə bu doktrinalar arasında ziddiyyətlər güclənib. AXC-nin siyasi sisteminin, bayrağının, ordusunun, hüquq-mühafizə orqanlarının və dövlət təşkilatının digər əhəmiyyətli strukturlarının ilkin formalaşmasında Rəsulzadənin heç bir diqqətəlayiq rolu olmayıb. Cəmi üç gün ölkədə olmaqla da bu işləri görə bilməzdi.
Bu gün Azərbaycanda “Rəsulzadə yolu” da yoxdur. Rəsulzadə özü solçu olduğu halda, onun vaxtilə sədrlik etdiyi partiya indi sağ- liberaldır. “Rəsulzadə yolu” ilə getdiyini iddia edən AXCP Rəsulzadənin hansı ideoloji baxışını (o baxış nə qədər konseptualdır, başqa məsələ) əsas götürdüyü də məchuldur. Ən başlıcası isə budur ki, Rəsulzadə müasir siyasi proseslərdə, Azərbaycanın tərəqqi prosesində iştirakına pozitiv datalar verə bilmir. Nəsib bəy, Xoyski, Topçubaşov verə bilir, amma Rəsulzadə data təqdim edə bilmir. 28 aprel 1920-ci ildə AXC-nin süquta uğramasının əsas səbəblərindən biri də daxili siyasi böhran, hökumətsizlik idi. Bu böhranı aradan qaldırmaq və rus işğalına qarşı milli müqavimət təşkil etmək üçün Müsavat sədri heç bir təsirli addım atmadı, məsuliyyəti öz üzərinə götürüb hökumət qura bilmədi. Daha sonra Hacinskini cümhuriyyətin süqutunun əsas “fail”i elan edərək özündə heç bir suç axtarmadı. Halbuki Hacinski Müsavat üzvü idi və partiyanın formal da olsa, sədri Rəsulzadə idi. Etimadsızlıq göstərilən Yusifbəyli də elə Müsavatın əsas iki qurucusundan biri idi.
Rəsulzadənin kütləvi yaddaşda geniş qalan üç cümləsi var.
- "Bir kərə yüksələn bayraq, bir daha enməz"!- bu bəyanat veriləndə AXC-nin ingilislərin qorxusundan dəyişdirilmiş bayrağını parlamentin binasında dalğalandırmaq üçün ingilislərdən icazə alırdılar.
- "İnsanlara hürriyyət, millətlərə istiqlal"- bu şüarın da ilkin versiyası təhrif olunub. İlk versiyada istiqlaldan söhbət getmirdi.
- Guya öləndə üç dəfə “Azərbaycan” deyib. Bu da yumşaq desək, fantaziyadır.
Taleh ŞAHSUVARLI