Rəsul Quliyev “Yeni Müsavat”ı və Cəmil Həsənlini hədəfə aldı

3 Sentyabr 2013 08:37 (UTC+04:00)
"Azərbaycan mətbuatının bir hissəsi 19-cu əsrin axırı, 20-ci əsrin birinci on ilində mövcud olan sarı mətbuat səviyyəsindədir. Ü.Hacıbəyovun "Məşdibad, 5 manat ver gedim filankəsin atasını qəzetdə yandırım" qanadlı frazası öz aktuallığını itirməyib, əksinə daha da böyük vüsət alıb. ""Yeni Müsavat" qəzetində getmiş "kodun sirrinin açılması" yazısını əvvəldən axıra qədər oxuya bilmədim, ancaq bəzi yerlərinə göz gəzdirdim. İlk ağlıma gələn bu primitiv yazıya heç bir münasibət bildirməmək oldu. Ancaq sonradan bu tip insanların lovğalanıb, "görürsünüz necə onu susdurdum" deyəcəklərinə əvvəlcədən cavab vermək istədim".

AzNews.az-ın məlumatına görə, bu sözləri Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev deyib. O, ötən gün "Yeni Müsavat" qəzetində onun haqqında çıxan geniş məqaləyə münasibət bildirib. R.Quliyevin fikrincə, bu cür yazıların yazılma səbəbi onun Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləməməsidir: "Mən Cəmil müəllimi vahid namizəd seçməklə səhv addım atdıqlarını demişəm və çox qısa izah etmişəm. Guya bu insanlar bu cızma qaraları ilə məni nədənsə çəkindirmək istəyirlər. Bu tipli xəbərdarlıq edirlər, yəni əgər bizim namizədin əleyhinə getsə, biz də onun əleyhinə yazılar verərik".

Eks-spiker deyib ki, C.Həsənliyə hörməti olduğu üçün vahid namizədlə bağlı fikrini deyib və kənara çəkilib: "İstəmədim ki, cığal siyasi oyuna məcburən qatılmış Cəmil müəllimin seçki qabağı əhval ruhiyyəsi pozulsun. Sözsüz ki, həmin vahid namizəd oyununun anatomiyasını bütün çılpaqlığı ilə açmaq şansım var və o analizdə hər bir şəxs özünün güzgü əksini görəcək. Kimsə fikirləşməsin ki, bəzilərinin primitiv siyasətləri və məqsədləri məlum deyil". R.Quliyev bildirib ki, əgər Cəmil müəllimə hörmətləri varsa, sakitləşsinlər: "Kimlərsə düşünür ki, hədyan yazıları cavabsız qalacaq böyük səhvə yol verirlər".

Anar
AzNews.az