Doğrusu, bu gün tamam başqa bir mövzudan Azərbaycan Xalq Cümhuriyyətini elan edən İstiqlal Bəyannaməsindən yazmaq istəyirdim. Bu günə qədər İstiqalal Bəyannaməsinin mətni açıq ictimai müzakirələrdə düzgün təhlil olunmayıb və bu da tarixi sənədin müəllifi ilə bağlı heç bir elmi əsası olmayan spekulyasiyalara rəvac verib. Bu barədə sabah yazaram, bu gün diqqətimi çəkən başqa bir mövqeyə münasibət bildirim.
Çox hörmətli dostum, millət vəkili Fazil Mustafa ölkənin nüfuzlu media resurslarının önündə gedən “Müsavat”da “Nağıl istəyənə nağıl, noğul istəyənə noğul, ağıl istəyənə ağıl” başlıqlı bir məqalə yazıb. Bir neçə gün öncə Osmanlının Azərbaycanı Səfəvilərdən xilas etmək missiyasından danışmasına bu başlıq altında haqq qazandırmaq üçün logos deyil, pafos faktoruna əsaslanan bir esse qələmə alıb. İnsafən, essedə bəzi doğru təsbitlər də var, lakin müəllifin subyektivizmi bütün gerçəkliyi təhrif etməyə yönəldiyindən səhv yanaşmalar həmin doğru təsbitlərin balını sıradan çıxarır.
Fazil Mustafa yazır: “Qətiyyətlə iddia edirəm ki, biz keçmişi qədim, tarixi yeni olan bir xalqıq”.
Mən də qətiyyətlə cavab verirəm ki, Fazil Mustafanın bu tezisinin heç bir elmi və məntiqi əsası yoxdur, ucuz söz oyunudur.
Birinci məntiqdən, daha doğrusu, məntiqsizlikdən başlayaq.
Tarix cəmiyyətlərin keçmişdəki fəaliyyətlərinin bütünüdür.
T = Keçmiş hadisələr + Cəmiyyətlər (bütün tiplər)
Millət modern dövrün və kapitalist münasibətlərin məhsulu olaraq formalaşan, dil, mədəniyyət, iqtisadi əlaqələr və mərkəzləşmiş idarəetməyə əsaslanan sosial-siyasi konstruksiyadır.
M = Dil + Mədəniyyət + İqtisadi inteqrasiya + Siyasi suverenlik
Tarix bütün cəmiyyətləri əhatə edir, bütün cəmiyyətlər isə millət anlayışı ilə eynilik təşkil etmir. Qədim toplumlar (məsələn, Mesopotamiya, Qafqaz Albaniyası) tarixdə mövcud idi, amma millət deyildilər.
Əgər "Millət = Tarix" olsaydı, onda ilk növbədə hər bir tarixi cəmiyyətin millət olması lazım idi. Məsələn, Qədim Roma dövlət idi, ancaq millət deyildi. Başqa sözlə, tarix millətdən öncə mövcuddur, millətin ortaya çıxdığı uzunmüddətli prosesdir.
Fazil Mustafanın məntiqini düsturlaşdırsaq, “M = T” olmalıdır.
Ancaq gerçək məntiqə görə, düstur “M ⊂ T”-dir, yəni millət tarixin bir hissəsidir, amma bütünü deyil.
"Biz keçmişi qədim, tarixi yeni olan bir xalqıq" ifadəsi elmi baxımdan da bir sıra səbəblərə görə əsaslı deyil.
Əvvəla, Fazil bəy özü də yaxşı bilir ki, “keçmiş” və “tarix” terminləri fərqli mənalara malikdir. Əks halda, bu qarşılaşmanı aparmazdı. Keçmiş- artıq baş vermiş hadisələrin xronologiyasıdır, obyektiv hadisələrdir. Tarix isə, keçmişin öyrənilməsi, təhlili və yazılmasıdır. Amma Fazil bəy bu məqamdan sonra, necə deyərlər, malı-malı qarışdırır. Əgər bir xalqın keçmişi qədimdirsə, həmin keçmişin tarixi də mövcuddur.
Geniş mənada, tarixin yeni olması mümkün deyil! Tarix bir coğrafiyanın, mədəni-siyasi arealın, xalqın mövcud olduğu bütün dövrlərə aiddir. Azıx mağarasında yaşamış neandertallar yaşadığımız coğrafiyanın bizdən öncəki sivilizasiyası olduğu kimi, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətini yaradan ibtidai icmalar, eramızdan öncə I minilliyin başlarında bölgəyə yürüş edən, Bərdənin, Gəncənin əsasını qoyan Alp Ər Tunqadan üzübəri bütün proto-türk və türk cəngavərləri də tariximizin parçasıdırlar.
Odur ki, bir xalq olaraq tariximizin kapitalizmdən, modernizmdən başladığı iddia etmək daha çox emosional və romantik yanaşma nümunəsidir, elmi təhlilə layiq belə olmayan səfsəfədir. Çünki hər bir xalqın tarixi davamlılıq prinsipinə söykənir. İstənilən xalqın keçmişi onun bugünkü tarixi ilə birbaşa və ayrılmaz əlaqədədir. Bu ifadə tarixin sözügedən prinsipini nəzərə almır və keçmişlə müasir dövr arasında süni sərhəd yaradır. Daha aydın izah edim. Kapitalizm və modernizm orta çağ toplumlarını millətləşməyə sövq etdi. Eyni prosesi biz də yaşadıq. Millətləşmə yeni dövr, yeni anlayışlar, yeni keyfiyyətlər deməkdir, amma bütün bu yeniliklər köhnənin olmadığı anlamına gələ bilməz.
Yaratdığı süni sərhədin bu tərəfində özünə səngər quran Fazil Mustafa daha sonra deyir:
"Və bu tarixi xalq olma sürəcinin ilk mərhələsi 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini qurmaqla, yeni bir millətə çevrilməklə tamamlanıb".
Bəli, AXC-nin qurulması bizim millətləşmə prosesimizin kulminasiyası, dövlət milləti statusu qazanmağımızın təsbiti idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yalnız siyasi suverenliyin elan edilməsi idi, lakin heç də millətləşmə prosesini tamamlamadı. Əslində, bu proses hələ də davam edir, çünki millətləşmə uzunmüddətli tarixi, iqtisadi və mədəni proseslərin məcmusudur. Millətləşmə bir proses olaraq bəlli zamanda başlasa da, proses həmin çağdan əvvəl mövcud olan heç nəyi silmir, danmır, inkar etmir, sadəcə, yenidən qurur!
Bizim millətləşmə prosesimizin 200-dən bir qədər artıq yaşı var. Bu zaman kəsiyində biz azərbaycanlılar spesifik coğrafi, dini, etnik və digər çoxsaylı şərtlərdən asılı olaraq sosial-siyasi bir konstruksiyaya çevrilmişik. “Millət” anlayışında ehtiva olunan keyfiyyətlər bizə də aiddir.
Biz də bir millət olaraq, modern dövrün məhsuluyuq. Milli kimliyimiz mərkəzləşmiş dövlətə çevrilib.
Biz də bir millət olaraq, ideoloji və siyasi xarakter sahibiyiik. Məqsədlərimiz, hədəflərimiz, tərəqqi modelimiz var.
Biz də bir millət olaraq, unikal ədəbi dilə, fərdləri və sosial qrupları bir arada tutan mədəniyyət və tarix anlayışına sahibik.
Fazil Mustafaya niyə belə çox etiraz edirəm?
Çünki onun heç bir sözünün canı bizim milli kimliyimizin cövhəri ilə uyuşmur.
Çünki onun mesajları bizim bir millət olaraq ideoloji və siyasi xarakterimizi sındırmağa, dəyərsizləşdirməyə, özgüvənimizi sarsıtmağa yönəldib.
Çünki onun baxışına görə, bizim ədəbi dilimiz, mədəniyyətimiz və tariximiz heç bir əsaslı bazaya malik olmayan, psevdo dəyərlər sistemidir.
Elə deyil!
Qətiyyən elə deyil!
19 yüzildə Çar Rusiyasının təbəələri kimi millətləşməyə başlayan, 20-ci əsrdə islam aləmində ilk respublika quran, 21-ci əsrdə yenidən istiqlala qovuşan, bütün maddi, insan və zaman itkilərinə rəğmən ərazi bütövlüyünü bərpa edən etnosistem Nadir şahı öz müstəqilliyini xilas etmək üçün Xorasandan tapıb üzə çıxaran, Şah İsmayılı Azərbaycan taxtına oturdan, Uzun Həsənlə, Qara Yusiflə, Məhəmməd Cahan Pəhləvanla möhtəşəm dövlətçilik identifikasiyası yaradan tarixi gerçəklikdir.
Taleh ŞAHSUVARLI