“Fransanın Gorus şəhərində baş konsulluq açmaq niyyəti təkcə diplomatik təşəbbüs deyil, eyni zamanda Zəngəzur bölgəsində formalaşan geosiyasi dinamikanın bir göstəricisidir. Gorusun yerləşdiyi ərazi strateji baxımdan son dərəcə həssasdır və burada atılan hər bir addım regional güc balansına təsir edə bilər. Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün xüsusi strateji əhəmiyyətə malikdir. Bu nəqliyyat marşrutu Avrasiyanın mühüm bağlantısı kimi çıxış edir və geniş coğrafiyada yerləşən ölkələr üçün iqtisadi və logistik imkanlar yaradır. Dəhlizdən faydalanacaq dövlətlərin sayı ona qarşı çıxanlardan daha çoxdur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Xatırladaq ki, Fransa Gorusda baş konsulluq açmaq niyyətindədir. Bu barədə məlumat Fransanın xarici işlər naziri Jan Noel Barronun İrəvana səfəri zamanı açıqlanıb. Plan regionda, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı gedişat fonunda ciddi narahatlıq doğurur. Fransa-Ermənistan münasibətlərinin intensivləşməsi də bu təşəbbüsə diqqəti artırır. Siyasi ekspertlərə görə, bu qərar sırf diplomatik deyil. Məqsəd Ermənistanı Cənubi Qafqazda geosiyasi dayağa çevirmək və Azərbaycanın ərazi bütövlüyünə dolayı təzyiqləri gücləndirməkdir.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın müddəalarına əməl etmir və Zəngəzur dəhlizinin açılmasını məqsədli şəkildə ləngidir.
“Rəsmi İrəvan mövcud vəziyyəti saxlamaq üçün xarici siyasi dayaqlar axtarır. İran İslam Respublikası və Fransa Respublikası bu kontekstdə ön plana çıxır. Hər iki dövlət nəqliyyat dəhlizinə qarşı oxşar mövqe nümayiş etdirir. İranın Fransa tərəfindən Gorusda diplomatik nümayəndəlik yaradılması təşəbbüsünə etiraz etməsi ehtimalı olduqca aşağıdır. Fransanın Ermənistanda mövqelərini möhkəmləndirməyə çalışması Moskva tərəfindən də diqqətlə izlənilir. Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi açıqlamalarda Fransanın Ermənistana silah tədarükünün regional sabitlik üçün risk yaratdığı vurğulanmışdı. Parisin Cənubi Qafqazda fəallaşmasının arxasında geosiyasi və geoiqtisadi maraqlar dayanır. Fransa Ermənistanı strateji tərəfdaş kimi formalaşdırmaq niyyətindədir. Rəsmi Paris bu regiona enerji resursları baxımından perspektivli bazar, nəqliyyat-tranzit məkanı və eyni zamanda Rusiya təsirini zəiflətmək üçün geosiyasi meydan kimi yanaşır. Ermənistana göstərilən hərbi və siyasi dəstək, Avropa İttifaqı müşahidə missiyasının yerləşdirilməsi və Gorusda konsulluq yaradılması təşəbbüsü Fransa tərəfindən həyata keçirilən ümumi strategiyanın tərkib hissəsidir. Məqsəd Cənubi Qafqazda nüfuz dairəsini genişləndirmək və regional proseslərdə daha təsirli oyunçuya çevrilməkdir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az