ASB Sammitləri Cənubi Qafqazda: Avropa ilə Yeni Siyasi Körpülər

27 May 2025 20:14 (UTC+04:00)

“Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda sammit keçirməsi qərarı Cənubi Qafqaz regionuna artan Avropa maraqlarının təzahürü kimi dəyərləndirilə bilər. Bu qərar Avropa İttifaqının regionla daha sıx əməkdaşlıq qurmaq niyyətini göstərməklə yanaşı, Azərbaycan və Ermənistanın Qərblə siyasi inteqrasiya səylərinə də əlavə stimul verir. 2026-cı ildə Ermənistanda keçiriləcək toplantı, heç şübhəsiz, Nikol Paşinyan hakimiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Tədbirin parlament seçkiləri ərəfəsində reallaşması onu hakim partiya üçün siyasi dividendlərə çevirə bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” sammitləri 2026-cı ildə Ermənistanda, 2028-ci ildə Azərbaycanda keçiriləcək. Paşinyan bu qərarı alqışlayıb və tərəflərin qarşılıqlı namizədliklərini dəstəklədiyini bildirib. Sammitin parlament seçkiləri ilə eyni vaxta təsadüf etməsi Paşinyanın siyasi uğuru kimi qiymətləndirilir. İlham Əliyevin və Paşinyanın sammitdə iştirak edib-etməyəcəyi isə müzakirə mövzusudur.

Politoloq qeyd edib ki, bu sammitin Ermənistanda keçirilməsi Qərbin İrəvana olan dəstəyinin simvolik ifadəsi kimi qiymətləndirilə bilər.

“Belə bir siyasi jest Paşinyan hökumətinə həm daxili, həm də xarici siyasətdə güc qazandıracaq. Azərbaycan da regionda təşkil olunan beynəlxalq tədbirlərin keçirilməsinə konstruktiv yanaşma nümayiş etdirib. Rəsmi Bakı ASB çərçivəsində müxtəlif təşəbbüsləri dəstəkləyib, o cümlədən Ermənistanın təşkilatın rəhbər strukturlarında təmsil olunmasına qarşı çıxmayıb. Bu yanaşmanın davamı olaraq, 2028-ci ildə Bakıda növbəti sammitin keçirilməsi də planlaşdırılır və Ermənistan tərəfi də bu təşəbbüsə müsbət reaksiya verib. Bununla yanaşı, 2026-cı ildə İrəvanda keçiriləcək sammitdə Azərbaycan Prezidentinin iştirak edib-etməyəcəyi bir sıra siyasi şərtlərdən asılı olacaq. İştirak ehtimalı yalnız Ermənistanın Azərbaycanın əsas tələblərinə, xüsusilə də Konstitusiyada dəyişikliklərin edilməsinə və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin rəsmən dayandırılması ilə bağlı birgə bəyanata imza atmasına bağlıdır. Bu şərtlər yerinə yetirildiyi halda, Azərbaycan tərəfi sammitdə iştirak edə və bu prosesi bölgədə normallaşma istiqamətində bir addım kimi qiymətləndirə bilər”.

Politoloq əlavə edib ki, əgər tərəflər arasında 2026-cı ilə qədər müəyyən razılaşmalar əldə olunarsa və Azərbaycan dövlət başçısı sammitdə iştirak edərsə, bu, Ermənistan hakimiyyəti tərəfindən xarici siyasətdə uğur kimi təqdim edilə bilər:

“Belə ssenari Paşinyan üçün həm daxili legitimlik, həm də beynəlxalq səviyyədə nüfuz baxımından mühüm əhəmiyyət kəsb edəcək. Lakin bütün bu ehtimalların reallaşması birbaşa Ermənistanın siyasi davranışlarından asılıdır. Əgər İrəvan yenidən prosesi süni şəkildə uzatmağa çalışarsa, Azərbaycanın tədbirdə iştirak perspektivi ciddi sual altına düşə bilər. Çünki Azərbaycanın irəli sürdüyü əsas şərtlər hələ də açıq qalır. Nəticə etibarilə, Avropa Siyasi Birliyinin sammitlərinin Cənubi Qafqazda – konkret olaraq Azərbaycan və Ermənistanda keçirilməsi regionun Avropanın siyasi xəritəsində yer alması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs həm region ölkələrinin Qərblə əlaqələrinin dərinləşdirilməsinə, həm də Avropa İttifaqının periferik bölgələrdə təsir imkanlarını genişləndirməsinə xidmət edir. Avropa üçün Cənubi Qafqaz coğrafi baxımdan uzaq olsa da, geosiyasi baxımdan getdikcə daha yaxın və əhəmiyyətli bir regiona çevrilməkdədir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az