“Ermənistanın “3+3” formatı üzrə görüş keçirməyə hazır olduğunu bildirməsi ilk baxışdan konstruktivlik jesti kimi görünsə də, reallıqda bu, daha çox beynəlxalq ictimaiyyətə ünvanlanan görüntü xarakteri daşıyır. Çünki bu vaxta qədər rəsmi İrəvan regiondaxili əməkdaşlıq mexanizmlərinə qarşı sistemli sabotaj siyasəti yürüdüb. “3+3” kimi regional dialoq platforması isə məhz Azərbaycanın təşəbbüsləri və geosiyasi çəkisi sayəsində aktuallıq qazanıb. Ermənistan bu platformaya yalnız Rusiya və İranın təzyiqləri fonunda qatılmağa məcbur olub, əks təqdirdə prosesdən kənarda qalacaqdı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan hökuməti “3+3” formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdır. Ötən həftə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov isə “3+3” formatı üzrə növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini təklif edib.
Siyasi şərhçi qeyd edib ki, Sergey Lavrovun növbəti görüş üçün Bakı və ya İrəvan variantlarını gündəmə gətirməsi, bir tərəfdən tarazlaşdırıcı ritorika kimi görünür, digər tərəfdən isə reallıqla ziddiyyət təşkil edir.
“Bakı bu formatda artıq konstruktiv ev sahibliyi nümunəsi göstərib və sabitlik mesajı verib. Azərbaycan regionda sülh və əməkdaşlıq platformalarının təşəbbüskarı və daşıyıcısı rolunu uğurla oynayır. İrəvan isə öz daxilində siyasi xaos və revanşist ritorika ilə bu cür tədbirlər üçün əlverişli mühitdən uzaqdır. Azərbaycan xarici işlər naziri və ya onun müavininin İrəvana səfəri nəzəri baxımdan mümkün olsa da, bu, yalnız ciddi diplomatik zəmanətlər və təhlükəsizlik təminatları əsasında baş verə bilər. Ermənistanın siyasi dairələrində hələ də anti-Azərbaycan meyilləri güclüdür və bu cür səfərlərin təxribatlarla müşayiət olunması risklidir. Digər tərəfdən, Azərbaycanın müstəqil və prinsipial xarici siyasəti istənilən ssenaridə diplomatik təşəbbüsü əlində saxlamağa imkan verir. Bakıda bu formatın keçirilməsi isə həm loqistik, həm təhlükəsizlik, həm də diplomatik cəhətdən daha real və rasional seçimdir. Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzi və sabitlik adası kimi bu cür platformalara rəhbərlik etməyə qadirdir”.
Siyasi şərhçi əlavə edib ki, Ermənistan hələ də regional əməkdaşlığa açıq olmayan, anklavda qapanmış və təhlükəli geosiyasi manevrlərlə məşğul olan bir ölkə imicini dəyişə bilməyib:
“Belə olan halda, Bakı növbəti görüş üçün təkcə məkan deyil, həm də siyasi məna baxımından daha uyğun seçimdir. Azərbaycanın dövlətçilik ənənələri, diplomatik peşəkarlığı və beynəlxalq nüfuzu “3+3” formatının uğuru üçün əsas zəmin yaradır. Ermənistan isə bu prosesdə yol qəzası kimi qalmağa davam edir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az