Vaşinqton–Təl-Əviv xəttində gərgin telefon zəngi : İran diqqət mərkəzində

27 May 2025 20:23 (UTC+04:00)

“Donald Tramp və Benyamin Netanyahu arasında ötən həftə baş tutan və gərgin keçdiyi bildirilən telefon danışığı, ABŞ–İsrail münasibətlərində İran məsələsinə dair ciddi fikir ayrılıqlarının yarandığını üzə çıxarır. Halbuki, bu iki ölkə uzun illər boyu İranın nüvə silahı əldə etməsinə qarşı ortaq mövqedən çıxış edib. Məlumata görə, İsrail Baş naziri Netanyahu İranla bağlı daha sərt və hərbi qarşıdurmaya əsaslanan yanaşmanı müdafiə edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran mövzusunda telefon danışığı baş tutub. Məlumata görə, bu danışıq kifayət qədər gərgin keçib. İddialara əsasən, müzakirənin nəticələri Vaşinqton və Təl-Əvivin daha əvvəl İranın nüvə silahı əldə etməsinə qarşı ortaq mövqe nümayiş etdirəcəklərinə dair açıqlamaları ilə üst-üstə düşmür. Hazırda tərəflər arasında Tehrana münasibətdə ciddi fikir ayrılıqları müşahidə olunur.

Siyasi şərhçi bildirib ki, Tramp administrasiyası diplomatik vasitələrə üstünlük verərək regional balansı qorumağa üstünlük verir.

“Bu fərqli yanaşmalar iki ölkə arasında strateji koordinasiyanın zəiflədiyini göstərir və eyni zamanda, Orta Şərqdə yeni diplomatik gərginliyin siqnalı kimi də qiymətləndirilə bilər. Əgər bu fikir ayrılıqları dərinləşərsə, İran məsələsi ABŞ və İsrail arasında birləşdirici mövqe olmaqdan çıxaraq, münasibətlərdə ayrıcı xəttə çevrilə bilər. Bu isə regionda sabitliyi daha da təhdid edən yeni dinamikanın yaranmasına səbəb ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az