Avropanın Təhlükəsizlik Ssenariləri: Müharibə bitəcək, yoxsa genişlənəcək?

27 May 2025 20:37 (UTC+04:00)

“Rusiya-Ukrayna müharibəsi başladığı andan etibarən Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı beynəlxalq gündəmdə yer almaqdadır. Bu məsələ vaxtaşırı müxtəlif dairələrdə müzakirə olunur. Hazırkı mərhələdə müharibənin sonlandırılması ilə bağlı diplomatik təşəbbüslər də səslənsə də, paralel olaraq münaqişənin genişlənməsi riski də hələ də kifayət qədər real görünür. Müharibənin bitmə ehtimalı ilə yanaşı, onun daha genişmiqyaslı silahlı qarşıdurmaya çevrilməsi ssenarisi də inkar edilmir. Bu riskin arxasında müxtəlif geosiyasi maraqlar dayandığı üçün, müharibənin davamı və ya genişlənməsi ilə bağlı ehtimallar heç də aşağı deyil. Bu mənzərədə bəzi qüvvələr proseslərin dərinləşməsində maraqlı görünür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer Rusiya tərəfindən NATO ərazisinə mümkün hücum ehtimalını istisna etməyib. O bildirib ki, Almaniya ordusu 2029-cu ilə qədər tam silah və texnika ilə təchiz olunacaq. Bu, ölkənin müdafiə strategiyasının modernləşdirilməsi və NATO daxilində daha fəal rol oynamağa hazırlaşdığını göstərir. General bunu Avropa təhlükəsizliyi üçün ciddi siqnal adlandırıb.

Siyasi şərhçi bildirib ki, digər tərəfdən, Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi qlobal geosiyasətdə mühüm dəyişikliklərə səbəb olub.

“Bu dəyişikliklərdən biri də NATO daxilində baş verən fikir ayrılıqları ilə bağlıdır. Tramp administrasiyası dövründə ABŞ–Avropa münasibətləri daha çox ziddiyyətli məcraya yönəldi. Xüsusilə Rusiya-Ukrayna müharibəsinə yanaşma məsələsində Vaşinqton ilə Avropa paytaxtları arasında fikir ayrılığı kəskin şəkildə hiss olunur. ABŞ müharibənin diplomatik yolla bitməsində maraqlı görünürsə, bəzi Avropa ölkələri – xüsusilə də Şərqi Avropa dövlətləri – müharibənin sona çatmasının Rusiyanın qalib gəlməsi ilə nəticələnə biləcəyini və bunun Avropanın təhlükəsizliyinə birbaşa təhdid olacağını düşünürlər. Bu mövqe fərqliliyi NATO daxilində strateji birliyin zəifləməsi riskini artırır. Əgər bu fikir ayrılıqları dərinləşərsə, NATO-nun funksionallığı və kollektiv müdafiə qabiliyyəti ciddi şəkildə sarsıla bilər. Belə bir ssenari Avropanın aparıcı dövlətlərini – o cümlədən Almaniyanı – öz hərbi gücünü artırmaq və müstəqil müdafiə strategiyaları hazırlamaq zərurəti ilə üz-üzə qoya bilər. Bütün bu amillər kontekstində yaxın illərdə həm NATO daxilində, həm də ümumilikdə Avroatlantik məkanında mühüm geosiyasi dəyişikliklərin baş verəcəyi istisna deyil. Bu proseslər yalnız Rusiya-Ukrayna müharibəsinin taleyini deyil, həm də qlobal güc balansını müəyyən edə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az