Azərbaycanın hərbi gəmiləri Həştərxana yollanıb

3 Sentyabr 2013 11:28 (UTC+04:00)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyanın Həştərxan limanına səfərə gedib.

Bunu Rusiya Federasiyasının Xəzər donanmasının komandan müavini, 1-ci dərəcəli kapitan Aleksandr Proxorov deyib. O bildirib ki, gəmilər artıq Bakını tərk edib və sentyabrın 4-də Həştərxana çatacaqlar.

Həştərxana Azərbaycanın 3 hərbi gəmisi yollanıb. Gəmi dəstəsinə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov komandanlıq edir. Bir günlük səfər çərçivəsində RF Xəzər donanmasının komandanlığı və Həştərxan vilayətinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Azərbaycan dənizçiləri Heydər Əliyevin Həştərxandakı abidəsi və əbədi məşəl önünə əklil qoyacaqlar.

Xatırladaq ki, avqust ayının əvvəllərində Rusiyanın Xəzər donanmasının gəmiləri – "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi Azərbaycana gəlmişdi.(apa.az)

AzNews.az