Səmərqənddəki festivalda təmsilçimiz niyə yer tutmadı? - Müəmma

3 Sentyabr 2013 11:35 (UTC+04:00)
Səmərqəndə keçirilən "9-cu Şərq Təranələri" festivalı öz işini başa vursa da, qaliblərin adları hələ ki, açıqlanmayıb.

Xatırladaq ki, bu festivalda Azərbaycanı muğam ustası Elnarə Abdullayeva "Şirvan" qrupu ilə təmsil edib.

Muğam ifaçısı Elnarə Abdullayeva AzNews.az-a açıqlamasında "9-cu Şərq Təranələri" festivalında neçənci yeri tutduğundan belə xəbərsiz olduğunu dedi: "Mən bu festivalda neçənci yeri tutmağımdan xəbərsizəm. Bu barədə mənə heç nə deməyiblər. Mənimlə oraya gedən nümayəndə heyəti var, yaxşısını onlar bilir. Qoy onlar danışsın".

Bəstəkar İttifaqı isə Elnarə Abdullayevanın sözügedən festivala Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə qatıldığını bildirdi. Onlar bu sualın cavabını sözügedən nazirliyə doğru yönəltdi: "Elnarə xanım nazirliyin xətti ilə gedib. Ona görə də bu suala da nazirlik cavab versə düzgün olar".

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun sözlərinə görə, Elnarə Abdullayeva "9-cu Şərq Təranələri festivalında yer tutmayıb: "Elnarə xanım yaxşı ifaçıdır. Amma o, bu festivalda yer tuta bilməyib".

AzNews.az-ın məlumatına görə, Elnarə Abdullayeva festivalın əsas fovaritlərindən biri olub. Yüksək ifa tərzi ilə hər kəsin diqqətini çəkən sənətçimiz nədənsə mükafatlandırlmayıb. Festivalı izləyən şəxslər bildirirlər ki, bu ilki yerlər yalnız Avropa təmsilçilərinə verilib.


Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimovun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə reallaşan festivalda ölkəmizi bu günə kimi muğam ifaçısı 1997-ci ildə Simarə İmnaova "Qran Pri" mükafatı, xalq artisti Alim Qasımov 2001-ci ildə 1-ci yeri qazanıb. 2003-cu ildə isə əməkdar artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. Aygün Bəylər də 2005-ci ildə adını 1-ci yer tutan ifaçı siyahısına yazıb.


Bahar Rüstəmli
AzNews.az