“Böyük Hüseyn Cavidin ev muzeyini və məqbərəsini ziyarət etdim. Dostlarımız Əshabül Kəhfə və Mömünə Xatun məqbərəsinə getdilər. Söylədim ki, mən maarif, tərəqqi, aydınlanma məkanı olmayan yerlərdən hansısa enerji ala bilmirəm. Eyvallah, siz ölülərin yanına, mən də ölüləri dirildənlərin yanına!”
Bu cümlələrin müəllifi Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisinin üzvü, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafadır.
Deyilə bilər ki, bir insanın hara gedib-getməməsi, hansı məkandan zövq və enerji alıb-almaması öz şəxsi işidir. Elədir! Amma həmin şəxs ictimai-siyasi persona, üstəlik, Azərbaycan dövlət təşkilatında önəmli yer tutan fiqurdursa, eyni zamanda, səfərləri haqqında cəmiyyətə ideoloji mesajlar verirsə, məsələyə fərqli rakursdan baxmaq lazım gəlir. Bu rakursdan baxdıqda, Babəkdən və Şah İsmayıldan sonra Fazil Mustafanın ictimai rəy qarşısında öz şəxsiyyəti ilə tariximizin, məqbərəsi ilə mədəniyyətimizin simvollaşmış isimlərindən olan Mömünə xatunu da “cəhalətə calamaq” cəhdi üzə çıxır.
Əvvəlcə, Mömünə xatun haqqında. Azərbaycan coğrafiyası, tarixi və ədəbiyyatı qadın dövlət adamlarımızla zəngindir. Qədim çağlarda, orta əsrlərin istənilən mərhələsində, yeni və ən yeni dövrdə qadın dövlət adamlarımızın hər biri ilə bağlı cild-cild kitablar yazmaq, dünyanı heyrətə salan tədqiqatlar aparmaq olar. Birini deyim: Şah İsmayılın həyat yoldaşı Taclı bəyim. Tam 5 əsrdir ki, Osmanlı tarixçiləri bu ulu nənəmizi qaralamaqla, əsir götürməklə, ərə verib aşağılamaqla məşğuldurlar. Gerçəklik isə budur ki, Taclı bəyim Ərdəbildə Şah İsmayılın məqbərəsini inşa etdirmiş, xaqan ərinin ölümündən sonra Səfəvi memarlığının inkişafı üçün şəxsi var-dövlətini xərcləmiş, 10 yaşlı Təhmasibi əllərindən tutub taxta əyləşdirmiş, təxminən 15 il ərzində səltənət naibəsi olaraq şərqin ən qüdrətli dövlətlərindən birini- Azərbaycan türk etnosunun ərsəyə gətirdiyi imperiyanı yönəltmiş şərəfli Banu və bənzərsiz siyasət dahisidir. Fazil Mustafa Şah İsmayıla qarşı Kemalpaşazadənin və Osmanlının digər matüridi-əşəri qazılarının ağzı ilə danışması azmış kimi, indi də Azərbaycan türk kimliyinin formalaşmasında misilsiz xidmətləri olmuş Səlcuqlu-Eldəgizlər cizgisinin möhtərəm ismi Mömünə xatuna rişxənd edir.
Görünür, Fazil Mustafa AXC iqtidarında PA-da tutduğu şöbə müdiri vəzifəsinin məsuliyyətini dərk etmədiyi kimi, indi də parlament komitəsinin sədri kimi dövlət və cəmiyyət qarşısındakı qanuni və mənəvi öhdəliklərini unudur. Deputatın qanunla müəyyən olunmuş mühüm vəzifələrindən biri də Azərbaycan dövlətinin mənafelərini qorumaqdır. Tarix və mədəniyyət abidələrinin qorunmasının Konstitusiyada hər bir vətəndaşın borcu olaraq göstərilməsi Fazil Mustafanın timsalında ixtisasca hüquqşünas olan, ancaq Ana Yasamızın məğzini o qədər də dərindən anlamamış kimi görünənlərin düşündüyü sayaq dar mənada deyil. Bu maddə istər hüquqi, istərsə də ictimai müstəvidə milli kimliyimizin və tarixi irsimizin qorunması, o cümlədən abidələrin mühafizəsində beynəlxalq əməkdaşlıq zərurəti ilə bağlı dövlətin rəsmi mənafelərini əks etdirir. Öz mənsəb məsuliyyətini dərk edən parlamentin komitə sədri vətəndaşları tarixi irsimizə, o cümlədən doğulduğu Naxçıvan bölgəsini erməni iddialarından günü bu gün də bir cəngavər kimi qoruyan Eldəgizlərin türbəsinə sahib çıxmağa səsləməlidir. Fəqət cəmiyyətdə tarix bilincini möhkəmləndirmək yerinə, o, ictimai şüur kolliziyalarını dərinləşdirir. Xalqı sanki 19-20-ci əsrlərə göydən zənbillə düşübmüş kimi öz keçmişindən qoparmağa həvəslənən Fazil Mustafa, şəxsi dostluq münasibətlərimizdən dolayı böyük təəssüf hissi ilə deyirəm, dərin intellektual böhran içindədir. Bu böhranın bir neçə ağırlaşmış əlamətini sadalayım.
Birincisi, Fazil Mustafa unudub ki, bu dünyanı təkcə dirilər deyil, həm də ölülər idarə edir. Aristotel 24 əsr öncə vəfat edib, ancaq onun siyasət fəlsəfəsi və “Məntiq” əsəri bu gün bəşəriyyətə yön verir. İsus Xristos və Məhəmməd peyğəmbər fiziki cəhətdan vəfat edib, amma dinləri vasitəsi ilə yaşayan xarizmaları dünyanın əsas dəngələrini yaradır. Karl Marksın qəbri Londondadır, amma ideyaları kapitalist və ya sosialist olmasına baxmayaraq, dünyanın ən inkişaf ölkələrin iqtisadi sistemini formalaşdırır. Eynşteyn 1955-ci ildə vəfat edəndə onun beynini kəlləsindən çıxarmışdılar. Amma onun beyni bir labarotiya bankasında deyil, müasir fizika elmində yaşayır. Bu gün Azərbaycanı idarə edən də təkcə İlham Əliyev deyil. İlk dəfə prototürkləri regionumuza gətirmiş Alp Ər Tunqa, Azərbaycan mədəni-siyasi arealını yaratmış Babək, oğuz türklərini Azərbaycan və Anadoluda qalıcı etnosa çevirmiş Alp Arslan, Azərbaycan taxtı qurmuş Şah İsmayıl, Azərbaycan imperiyasını bərpa etmiş Nadir şah, millətləşmə prosesini konstitusiyalaşdıran Heydər Əliyev İlham Əliyevin “Dəmir yumruğu”nu yaradan gücdürlər.
Fazil Mustafanın intellektual baxımdan digər faciəsi ondadır ki, sayğılı opponentimiz Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə tarixi dialektika anlayışı ilə baxa bilmir. Fridrix Hegeli bir kənara qoyub Ahmet Şimşirgil fasonları yamsılamağa çalışanda axırı bu cür itir adamın. Tarixi dialektika- hadisə və proseslərin qarşılıqlı əlaqəsini, ziddiyyətlərini və inkişaf qanunauyğunluqlarını araşdıran fəlsəfi yanaşmadır. Bu yanaşmadan hali olanlar bilirlər ki, hər bir tarixi prosesin əsasını ziddiyyətlər təşkil edir. Ziddiyyətlər bir tərəfdən münaqişələrə, digər tərəfdən isə, yeni inkişaf tendensiyalarının yaranmasına səbəb olur. Bizim yeni tariximizlə orta çağ tariximiz arasında kifayət qədər dərin ziddiyyətlər var. Amma bizi inkişaf etdirən elə məhz bu ziddiyyətlərdir. Çünki tarixi inkişaf xətti nə şaqulidir, nə də birbaşa irəli gedir, daha çox spiralvaridir. Bu spiralın içində ən kiçik dəyişikliklər belə zamanla toplanaraq keyfiyyət dəyişikliyinə səbəb ola bilir. Bir dövrdə və şəraitdə uğurlu olan hansısa model başqa dövrdə tətbiq edilə bilməz. Biz 1918-ci ildə Cümhuriyyət modeli seçmişik, amma bu, öz dövrlərində Səlcuqlunun, Elxanlıların, Qaraqoyunlunun, Ağqoyunlunun, Səfəvilərin, Əfşarların, Qacarların xanədan modelini heçə saymağa əsas vermir. Çünki tarixi tamlıq prinsipi var. Tarixdə baş verən hadisələr təcrid olunmuş şəkildə deyil, bütöv bir sistemin elementləri kimi nəzərdən keçirilməlidir. Bu baxımdan Alp Ər Tunqadan İlham Əliyevədək Azərbaycan dövlətçilik tarixi tamdır. Səlcuqlu- Eldəgiz, Səfəvi-Qacar və AXC, Azərbaycan SSR və hazırkı respublikamız bu tamlığın elementləridirlər.
Fazil Mustafanın intellektual böhranının metastaz halqasını fizikadakı “Ulu baba parodoksu” ilə müqayisə edə bilərik. Ulu baba paradoksu (Grandfather Paradox) zamanda yolçuluq nəzəriyyəsidir və keçmişdəki müəyyən hadisələrin dəyişdirilməsinin gələcəyə necə təsir edə biləcəyini araşdırır. Paradoks belədir: əgər kimsə keçmişə gedib öz əcdadını öldürərsə, bu, həmin şəxsin dünyaya gəlməsini qeyri-mümkün edər. Beləliklə, həmin şəxs ulu babasını öldürə bilmək üçün mövcud olmayacaq. Bu, səbəb-nəticə əlaqələrində ziddiyyət yaradır. Fazil Mustafa həftə yeddi, mən səkkiz keçmişə yolçuluq edir və qarşısına çıxan bütün ulu babaları qətlə yetirir. Fazil abimizin son nəticədə məhv etdiyi isə, elə onun özü, daha geniş mənada, çağdaş milli sistemimizdir. Bəy əfəndi ideoloji baxımdan milli sistemimizin dayanıqlılığını, müqavimət gücünü sarsıtmağa cəhd göstərir.
Ona görə də “mən ölüləri dirildənlərin yanına gedirəm” deyə Fazil Mustafanın Hüseyn Cavidi, Mirzə Cəlili bəhanə edib Səlcuqlu-Eldəgizləri hədəfə alması konyukturadır. “Osmanlının Azərbaycanı Səfəvilərdən xilas etmək missiyası”ndan danışan birinin Azərbaycanın təkcə mədəni yox, həm də tarixi-siyasi sərhədlərini göstərmiş Mirzə Cəlili nə anlaması mümkündür, nə də sevməsi. Çünki “Molla Nəsrəddin”in əsas tənqid hədəfi elə milli özünüdərki olmayan tiplər idi. Odur ki, söz oynatmağa hacət yoxdur Fazil bəy, sizin “ölü” saydıqlarınız diridir, həm də dip-diri. Yerin yeddi qat altında da, göyün yeddi qat üstündə də biz ölümüz və dirimizlə, keçmişimiz, bu günümüz və gələcəyimizlə Azərbaycanıq! Azərbaycanlıyıq, Azərbaycançıyıq!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru