“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı İntizam oğlu Qarayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 8 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dünyamalı Qarayev Yasamal rayon Prokurorluğunda “Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair aparılan araşdırma nəticəsində həbs olunub.
İttihama görə, o, həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ümumilikdə 163 min manatdan artıq pulu mənimsəyib.
Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Cinayət işi üzrə “Badamdar Estates” MMC zərərçəkmiş qismində tanınıb.
AzNews.az