"İsrailin İran Strategiyası və Güney Azərbaycanın Rolu" -AÇIQLAMA

4 İyun 2025 20:09 (UTC+04:00)

“ABŞ-nin mövqeyinin zəifləməsi İsrailin İrana qarşı mümkün hərbi müdaxilə imkanlarını xeyli məhdudlaşdırır. Xüsusilə Trampın ritorikasındakı dəyişikliklər bu prosesə təsir göstərib. Belə ki, İsrailə açıq şəkildə dəstək verən və İrana qarşı müdaxiləni müdafiə edən yüksək rütbəli əməkdaş vəzifəsindən uzaqlaşdırılıb. Eyni zamanda ABŞ daxilində də İrana qarşı hərbi müdaxiləyə qarşı olan qüvvələrin sayı daha çoxdur və görünən odur ki, Tramp artıq onların mövqeyini paylaşmağa başlayıb. Əvvəlki prezidentlik dövrü ilə müqayisədə Tramp indi İrana qarşı daha yumşaq və ehtiyatlı siyasət yürüdür. Yahudi diasporunun bu məsələdə fəallığı diqqət çəksə də, ABŞ-da İrana qarşı sərt müdaxiləyə qarşı olan dairələr üstünlük təşkil edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, İran–İsrail gərginliyi bölgənin təhlükəsizliyinə ciddi təhdid yaradır. Qarşılıqlı təhdidlərin artması fonunda İranın parçalanması ehtimalı müzakirə mövzusuna çevrilib. Bu ssenaridə Cənubi Azərbaycan türklərinin mövqeyi xüsusilə diqqət çəkir. ABŞ, İsrail və Aİ prosesi yaxından izləyir, lakin Azərbaycanla birləşmə perspektivinə ehtiyatla yanaşırlar. Çünki bu, bölgədə güclü bir türk dövlətinin formalaşması demək ola bilər.

Siyasi şərhçinin sözlərinə görə, oxşar vəziyyət Avropa ölkələrində də müşahidə olunur.

“Məsələn, İtaliya hökuməti İsrailin İrana qarşı siyasətinə ehtiyatla yanaşır. Fransa və digər Avropa ölkələrinin İranla münasibətləri isə ümumilikdə sabit və normal şəkildə davam edir. Tarixi olaraq da Avropa ilə İran arasında əlaqələrin möhkəm təməlləri var. Xatırladaq ki, 1979-cu il İslam İnqilabından öncə Ayətullah Ruhullah Xomeyni Fransadan, məhz Parisdən İrana qayıdaraq inqilaba rəhbərlik etmişdi. Bu fakt Avropa-İran münasibətlərinin dərinliyini göstərir. İsrailin baş naziri Benyamin Netanyahu İranın parçalanmasına deyil, rejim dəyişikliyinə nail olmaq niyyətində olduqlarını bəyan edir. Bu məqsədlə o, mühacirətdə olan müxalif qüvvələr, xüsusilə Pəhləvi tərəfdarları və digər qruplarla müntəzəm görüşlər keçirir. Lakin prosesin nəticəsində İran daxilindəki etnik xalqlar, o cümlədən Azərbaycan türkləri azadlığa qovuşa və yeni siyasi reallıqlar formalaşa bilər. Belə bir halda Güney Azərbaycanda milli hökumətin qurulması məsələsi aktuallaşa bilər. Tarixən 20-ci əsrdə bu istiqamətdə iki dəfə – əsrin əvvəlində və ortasında cəhdlər olub, lakin uğur əldə olunmayıb”.

Siyasi şərhçi vurğulayıb ki, əgər Güney Azərbaycanda milli hökumət uğurla formalaşarsa və regionun gələcək statusuna dair azad qərarvermə prosesi baş tutarsa, onun Azərbaycan Respublikasına birləşməsi məsələsi real müzakirə predmetinə çevrilə bilər:

“Bu birləşmənin Türkiyə ilə deyil, məhz Azərbaycanla baş tutması daha real görünür. Bunun əsas səbəbləri kimi tarixi bağlar, bölgənin “Azərbaycan” adlanması və əhalinin etnik kimliyinin Azərbaycan türkü olması göstərilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az