Mikayıl Cabbarov ixtisas seçimindən danışdı

3 Sentyabr 2013 13:15 (UTC+04:00)
"Azərbaycanda gənclərə ixtisas seçimində hərtərəfli dəstək göstərmək lazımdır".

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumunun Azərbaycan Diplomatik Akademiyasında keçirilən "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: mürəkkəb vəziyyətdən şıxış yolu" adlı paneldə çıxışı zamanı deyib.

M.Cabbarovun sözlərinə görə, əsas önəm verdikləri məsələlərdən biri də gənclərin düzgün ixtisas seçmələridir: "Bu sahədə onlara hərtərəfli dəstək göstərmək lazımdır ki, onlar bilik və bacarıqları ilə ölkənin inkişafına öz töhfələrini verə bilsinlər".
Nazir deyib ki, yüksək intellektli kadrlar Azərbaycanın inkişafının lokomotivinə çevriləcəklər.

M.Cabbarov qeyd edib ki, Azərbaycan gənc ölkədir, qədim tarixi köklərə malikdir. Çox qısa bir vaxt ərzində Azərbaycan regionun liderinə çevrilib: "Biz öz potensialımızı artırmaqla yanaşı, qonşu dövlətlərlə dostluq münasibətləri qururuq. Azərbaycanda təhsilin inkişafına da böyük diqqət yetirilir, təhsilin səviyyəsinin qaldırılması əsas strategiyalarımızdan biridir".

Nazir qeyd edib ki, təhsil sahəsinə böyük işlər, layihələr həyata keçirilir: "Yalnız savadlı gənclər ölkəni irəli apara və düzgün qərarlar verə bilərlər. Ona görə də Azərbaycan təhsilə investisiya yatırmaqla aparıcı, elmə töhfələr verən bir ölkəyə çevrilir".

AzNews.az