Qəndalının metro sevgisi

3 Sentyabr 2013 13:47 (UTC+04:00)
A Qəndalı hayandasan,
Şəhərdəsən, rayondasan?


Qəndəlı dedi ki, hələ də rayondayam. Hətta şeir də yazdı
A Qəndalı hayandasn,
Uduzmusan mayandasan
Kənddəsən ot tayandasan...

Amma çox rayon "uşaqları" Qəndalı kimi kəndində qala bilmədi. Sovet elə dağıldı ki, kənddə qalanlar gedər-gəlməzə getdilər. Və kəndinə gələ bilmədilər. Elə mən də uzun illərdi bu vəziyyəti görə-görə kəndimə gələ bilmirəm. Hətta kəndimdən çıxmışam...

Sovet dağılmalıydı və iqtisadiyyat da çökməli idi. Bütün imperiyaların sonu belə olur. İmperiya dağıldıqda iqtisadiyyat tamamilə çökür. Sonradan şəhər iqtisadiyyatı nisbətən inkişaf edir. Aqrar iqtisadiyyat isə yerindəcə saymağa başlayır. Bu bizdə də belə oldu. Kənd təsərrüfatı dağıldı və əhali şəhərə və urusyata üz tutdu...

O zaman əhalinin bu cür miqrasiyası təbii qarşılanırdı. Bəs bu gün rayon insanlarına nə olub? Doğurdanmı 22 ildir ki, bizim kəndlər, rayonlar qətiyyən inkişaf etməyib? Axı bu gün kəndlərdə Dövlət əkin-biçin üçün şərait yaradır. Əhalinin şəxsi torpaqları var. Mülkiyyətə görə müəyyən olunan 5 vergidən cəmi biri kəndlidən alınır. Torpağa görə alınan vergilər çox aşağıdır. Bir hektar torpağa görə kəndli cəmi 5-6 manat torpaq vergisi ödəyir və s.

Dərindən araşdıranda bir çox məsələlər ortaya çıxır. Özlüyümdə bunları araşdırıb bir nəticəyə gəlmişəm.

Deməli belə, indi Azərbaycan kəndlisi niyə görə kəndində yaşamır və ya niyə görə kəndinə qayıtmır?

Aşağıdakı ehtimallar böyükdü: Buna ilk beşlik də demək olar.

1. Metrodan qız tutmaq istəyən cavanlar
2. Şəhərli qızın çəkib gətirdiyi kənd oğlanları
3. İnkişaf etmək istəyən kiçik ziyalı dəstələri
4. Kənd məhsullarının normal qiymətə satılmadığı ölkənin düzgün olmayan aqrar islahatının qurbanları
5. Kənd və rayonlarda kommunal xidmətlərin zəifliyindən gileylənənlər.

Həə, onu deyirdim axı Qəndalı rayonunun belə xırda məsələlərə görə, tərk edib gedənlərdən deyil. Amma Qəndalı müəllim də öz şeirlərində gileylənir:

Qəndalını çəkmə başa
Qoy yaşasın aşa-aşa

İndi mən binava da hər dəfə səhər-səhər durub işə gələndə
Sulutəpədəki dörd yolda 1 saat tıxanıb qalıram. Şəhər şor motalı kimi ağzına qədər dolub. Öz isti evlərini qoyub kirayə damxalarda yaşayan adamlar adama Somalin qaçqınlarını xatırladır. Lap adamın kəndə qayıdıb şor yeməyə davam etməyi gəlir...

Deməli bizim regionlarımız təkcə maddi cəhətdən yox, həm də elmi, mənəvi cəhətdən inkişaf etməlidir. Bir də bu metro yaman şeydi.

Rayonlarda da olsa pis olmaz. Mağıl qatıq-pendir satılmağa yer tapılar...

P.S Qəndalı real qəhrəmandı. Qobustan rayonunda dil-ədəbiyyat müəllimi işləyir. Bir neçə şeir kitabının müəllifidir. Filologiya üzrə elmlər doktorudur...

AzNews.az