Allah günahınızdan keçsin, Rafiq Əliyev!- DQİDK-nin sabiq sədrinə açıq məktub

6 İyun 2025 18:06 (UTC+04:00)

“Osmanlının Azərbaycanı Səfəvilərdən xilas etmək missiyası vardı”- deyən Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, adı keçəndə Azərbaycan siyasətində çoxlarının ağlına Brut gələn Fazil Mustafanın cavabını həm elmi, həm ideoloji, həm siyasi, həm də jurnalistika baxımdan ən yüksək səviyyədə verdim.

Qarşılığında öz Brutvari məkri ilə Fazil Mustafa təhqirə və iftiraya keçdi. Onun səviyyəsinə enmədim. Enmərəm də! Çünki elmi faktlar və arqumentlər, dərin təhlil və haqlı mövqe qarşısında opponentimin nə qədər aciz qalaraq o təhqir və iftiralara sarıldığını çox yaxşı anlayıram. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevi anlamıram. 78 yaşında bir şərqşünasın girib bir şərşünas deputatın statusu altında söyüşcül trollar kimi şəxsən tanımadığı, çox güman, heç polemikaya səbəb olan cavab məqalələrimi də oxumadan təhqiramiz şərhlər yazmasını başa düşmək olmur, əlbəttə. İstənilən pis söz sonunda sahibinə qayıdır. Ancaq bu günkü Qurbanlıq bayramının fəzilətini nəzərə alıb Allahdan o təhqiramiz rəyini Rafiq Əliyevin günahları sırasından çıxarmağı diləyirəm. Eyni zamanda, cənab Rafiq Əliyevə çatdıracağım bir neçə ismarıc var, öz ədəbimə uyğun olaraq onları da kifayət qədər nəzakətlə ifadə edəcəm.

Mən 14 yaşımda Bərdədən Bakıya gələrək vaxtilə Yaqub Mahmudovun açdığı, Kərim Şükürovun direktor olduğu, Məmmədəli Hüseynovun, Həvil Həvilovun, Nəcəf Müseyiblinin, Gülxanım Qarayevanın dərs dediyi Respublika Tarix Liseyində orta məktəb yox, BDU-nun Tarix fakültəsinin proqramı ilə təhsil almışam. Əsas müəllimim Kərəm Məmmədov olub. BDU-da fəlsəfə tarixi üzrə bakalavr və magistr təhsili almışam. İkinci ali təhsilim hüquq üzrədir.1995-ci ildən bəri jurnalistika ilə məşğulam. Başqa sözlə, düz 30 ildir ki, elmin, tarixin və ictimai-siyasi proseslərin içindəyəm. Ona görə də istəyirəm biləsiniz ki, tarixin, fəlsəfənin, hüququn dərin mövzularından anlamayan, elmi yanaşma ilə siyasi konyukturanı ayırd edə bilməyən, belə bir sərhədi müəyyən etmək üçün intellektual potensiala sahib olmayan birinin özü də, atdığı çamur da mənim üçün, sadəcə olaraq, əhəmiyyətsizdir.

Hüquqçu sifarişi hüquqdan, fəlsəfə uzmanı fəlsəfədən, tarixçi tarixdən, jurnalist də gündəmdən alar. Bu mənada çox şadam ki, istənilən müəllif yazımda vicdanımın səsinə qulaq asmışam, Azərbaycanın milli maraqlarının, tarixinin, fəlsəfəsinin, hüququnun keşiyində durmuşam. Biriləri kimi saxta təhsil təəssübkeşliyi ilə Fətullah Gülənin sifarişlərini yerinə yetirməmişəm, Azərbaycanda elmin və təhsilin, maarifin və aydınlığın xidmətçisi olmuşam. İctimai fikir müəssisəsində Konstitusiyanın və sekulyarlığın əsas müdafiəçilərindən biri kimi qeyri-ənənəvi dini cərəyanların- sələfilərin, xomeyniçilərin, nurçuların, o cümlədən Qərbdən maliyyələşən qeyri-sistemli müxalifət ünsürlərinin qaralama kampaniyalarına məruz qalmışam. Amma qarşıma elmlə, savadla, mədəniyyətlə çıxmağa nə İranpərəstlərin, nə "Qərb aşiq"lərinin, nə Osmanlının yeni "yeniçəriləri"nin, nə də Rusiya KQB-nin təsir agentlərinin qabiliyyəti çatıb.

Sizin vaxtilə tutduğunuz rəsmi vəzifə xaricində kim olduğunuzu, doğrusu, bilmirəm, amma madam özünüzdə bir Azərbaycan vətəndaşını, həm də Azərbaycançı Azərbaycan vətəndaşını ürəkbulandırıcı ifadələrlə təhqir etmək haqqı görürsünüz, o zaman buyurun, mənim Şah İsmayıl haqqında söylədiklərimi elmi əsaslarla təkzib edin, yaxud Fazil Mustafanın “Osmanlının missiyası Azərbaycanı Səfəvilərdən xilas etmək idi” tezisini isbatlayın. “Milçəklərin marşrutu” üzərində patrulluq eləmək əvəzinə, bu yaşınızda vaxtınızı sağlam və intellektual müzakirələrə, elmi müzakirə meydançasının genişlənməsinə sərf edin. Yoxsa, birinin deputat toxunulmazlığının, o birinin yaşının arxasında gizlənib təhqirə sığınması nə ərdəmdir, nə cəsarətdir, nə də ziyalılıqdır. Çox xahiş edirəm, Şah İsmayıl barədə yazdıqlarımı diqqətlə oxuyun, ehtiyac duysanız, peşəkar tarixçilərə müraciət edin, maraqlı olsa, mənim özümlə müzakirə edin. Amma vallah, billah belə olmaz, xüsusən də bu yaşda olmaz!

Bu yaxınlarda Türkiyənin məşhur İlahiyyat tarixçisi Mehmet Əzimli ilə görüşmüşdüm. Babək dövrünün araşdırmaçısı olan Mehmet bəylə son dərəcə faydalı müzakirələr apardıq. Mehmet Əzimlini mənim nəzərimdə gerçək bir elm adamına çevirən odur ki, istənilən əks-arqumentə tolerant və seçici yanaşır. Məsələn, mən Babəkin niyə ilk Azərbaycan dövlətinin qurucusu olması barədə mülahizələrimi bölüşəndə, o, bu baxış açısını əsaslı hesab etdi. Ərəb dilini mükəmməl bidiyi üçün daha sonra Türkiyədən araşdırmalarım üçün faydalı olacaq bir neçə mənbə də göndərdi. Amma tarix, fəlsəfə, teologiya hələ bir yana dursun, öz ali məktəb ixtisası olan hüququ belə yarımçıq bilən, natamam qavrayan birinin Babəkin liderliyi ilə ilk Azərbaycan dövlətinin təşəkkülünü dərk etməyə nə elmi, nə də xarakteri çatmaz.

Modernizm dövrünün tarixi və fələfi əsasları ilə orta çağ sistemini qarışdıraraq qarşı-qarşıya qoymaq uzuc qəhrəmanlıqdır, amma söhbət müasirlikdən gedirsə, o zaman müasir cəmiyyətlərdə bir istefa təcrübəsi də var. Siyasi məsuliyyəti olan fiqurlar cəmiyyətə açıq-aşkar edilən hörmətsizliyə görə istefa verirlər. Qoy, ölkə konstitusiyasının qorunmasını hər bir vətəndaşa borc göstərdiyi tarixi irsimizə, mədəni abidələrimizə göstərdiyi qərəzli, zərərli, sayğısız və savadsız münasibətə görə Fazil Mustafa, demirəm deputatlıqdan, komitə sədrliyindən istefa versin. Verməz! Çünki aydınlığı mandatı qədərdir!

Prinsipsizlik budur, xaraktersizlik budur, saxtakarlıq budur, Rafiq müəllim.

Odur ki, Siz bu məsələlərə bu şəkildə qarışmayın, məncə. Hətta ərkiniz çatırsa, Fazil Mustafaya da deyin ki, bir də başından böyük proseslərə müdaxilə eləməsin.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru