Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb

9 İyun 2025 17:10 (UTC+04:00)

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Aznews.az Gürcüstan Milli Statistika Xidmətinin materiallarına istinadən məlumat verir.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana investisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına investisiyaları 96,8 % artırıb.

Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 13,9 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investor olub.

Ümumilikdə, I rübdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 179 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.

2024-cü ildə Azərbaycandan Gürcüstana birbaşa investisiyalar 70,7 milyon ABŞ dolları təşkil edib.