Qonşu qonşunu bıçaqladı- Qaxda

3 Sentyabr 2013 15:40 (UTC+04:00)
Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.


"Kanal S" xəbər verir ki, 2 qonşunun arasında şəxsi münasibət zəminində baş vermiş mübahisə, bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Qorağan kəndində baş verib. Qorağan kənd sakini 26 yaşlı Dursunov Aqil Vidadi oğlu, həmkəndlisi 27 yaşlı Malxazov Araz Vaqif oğluna üzərində gəzdirdiyi cib bıçağı ilə xəsarət yetirib.

Xəsarət alan Araz Malxazov dərhal Qax Mərkəzi rayon Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Çoxlu qan itirən yaralıya Şəki Qan Bankından qan gətirilib və xəstəyə köçürülüb. Həkimlərin verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.

Qeyd edək ki, Aqil Dursunov və Araz Malxazov qonşudurlar. Araz Malxazovun yaxınlarının dediyinə görə, onlar arasında əvvəllər heç bir ədavət olmayıb. Onların arasında yaranan yersiz mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Şahidlərin ifadələrinə görə, hadisə zamanı Aqil Dursunov içkili olub. Faktla bağlı Qax rayon polis şöbəsinin istintaq qrupunda araşdırmalar aparılır.


AzNews.az