Rövnəq Abdullayev : “Biz “Bulla-Dəniz” quyusunu itirə bilərdik”

3 Sentyabr 2013 19:25 (UTC+04:00)
Hazırda "Bulla-Dəniz" qaz yatağında baş vermiş qəzanın aradan qaldırılması üzrə texniki işlər aparılır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, ARDNŞ daha əvvəl quyunu ortadan qaldırmaqla orada yanğını söndürə bilərdi: "Ancaq bizim başlıca məqsədimiz quyunun xilas edilməsi və gələcək istismarıdır. Bu, çox dərin quyudur. Bu quyuya olduqca böyük xərc və zəhmət qoyulub".

R.Abdullayev deyib ki, ilk vaxtlar "Bulla-dəniz" quyusunun itirildiyini zənn ediblər: "Ancaq bu belə olmadı və biz quyunu xilas edə bildik. Burada böyük kəşfiyyat quyularına da rast gəlmişik. Əsas odur ki, biz burada işləyən 62 nəfəri xilas edə bildik və yanğın baş verən ərazidən uzaqlaşdırdıq".

Qeyd edək ki, avqustun 17-də "Bulla-Dəniz" yatağındakı 90 saylı quyuda qazma işləri zamanı qəza baş verib. Yataqda baş vermiş qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edib.

AzNews.az