İsrail bəşəriyyəti xilas edir! Azərbaycanı hədələyən Salami öldürüldü! - QISA ŞƏRH

13 İyun 2025 12:18 (UTC+04:00)

Geopolitikadan danışanda ilk növbədə böyük fotoya baxmaq lazımdır.

Əsas sual budur: İranın nüvə silahı əldə etməsi bir andaca bölgədə geopolitik dəngələri necə dəyişər, Azərbaycana, o cümlədən Güney Azərbaycana və Türkiyəyə necə təsir edərdi?

Əlbəttə, İranın nüvə silahı əldə etməsi bölgədə geopolitik dəngələri köklü şəkildə dəyişərdi. Bu, Azərbaycan, Güney Azərbaycan və Türkiyə üçün ciddi təsirlərə səbəb olardı.

Azərbaycanın təhlükəsizlik narahatlıqları artar, xüsusilə də sərhəddə hərbi və siyasi təzyiqin yüksəlməsi riski doğardı. Xomeyniçilər ölkəmizdə hakimiyyəti ələ keçirmək və "Kərimə dövləti" qurmaq üçün hərəkətə keçərdilər.

Güney Azərbaycanda yaşayan azərbaycanlılar bütün milli haqlarına əlvida deməliydilər. İran rejimi daha da sərtləşərək soydaşlarımızın milli hüquqlarını birdəfəlik məhv edəcəkdi.

Hazırda regionun ən güclü ordusuna malik olan qardaş Türkiyə İranın qarşısında gözüqıpıq olacaqdı. Bu vəziyyət regional sabitliyə və NATO-nun təhlükəsizlik maraqlarına birbaşa təhdid olduğundan Türkiyə hərbi müdafiə qabiliyyətini gücləndirmək və İranın təsirini məhdudlaşdırmaq üçün əlavə tədbirlər görməyə başlayacaqdı. Hadisələrin bu cür inkişafında üç ölkə, yəni Azərbaycan, Türkiyə və İran arasında hərbi- siyasi gərginliklər artar, eyni zamanda, Yaxın Şərqdə yeni münaqişə ocaqları yarana bilərdi.

Odur ki, duamız İsrailin İrana atdığı hər raketin yüksək dəqiqliklə hədəfə dəyməsidir. İran kimi teokratik, sabahı məchul, siyasi sistemi xaosa məhkum bir ölkənin nüvə silahına malik olması bütün bəşəriyyətə təhlükədir! İsrail bəşəriyyəti bu təhlükədə xilas edir!

P.S: Fotoda İran generalı, SEPAH komandanı Hüseyn Salamidir. Hər səhər yuxudan oyananda çarpayıdan düşməmiş Azərbaycanı hədələyirdi. Daha heç zaman yuxudan oyanmayacaq, çarpayısında məhv edildi.

Taleh ŞAHSUVARLI