Venesuela prezidenti Obamaya xəbərdarlıq etdi

3 Sentyabr 2013 21:20 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarını Suriyaya hücum etməməyə çağıran növbəti ölkə Venesuela oldu.

Venesuela prezidenti Nikolas Maduro bu tələblə Amerika prezidenti Barak Obamaya məktub yazıb və hərbi müdaxilənin bütün Yaxın Şərq regionu üçün dağıdıcı olacağına dair xəbərdarlıq edib.

"Prezident Obamaya üzümü tutub deyirəm ki, bu məktub səni ABŞ-ın Suriya xalqına qarşı ədalətsiz, dağıdıcı və qorxunc hərbi hücum planını yenidən nəzərdən keçirməyə çağırır. Vaşinqtondan aldığım məlumata görə, bu məktub artıq Ağ Evə, Obamaya çatdırılıb. Bu, mənim tərəfimdən edilmiş humanitar bir jestdir" - deyə, Venesuela prezidenti bildirib.

Nikolas Maduro qeyd edib ki, Suriya xalqının münaqişəni özünün həll etməsinin tərəfdarıdır. Elə paytaxt Karakasda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirənlər də bu mövqeyi bölüşür.

"Biz ABŞ aqressiyasına "yox" deyirik və inqilabçı hökumətimizdən tələb edirik ki, ABŞ-a və dünyada qan tökülməsini davam etdirmək istəyən NATO ölkələrinə qarşı lazımi tədbirlər görsün." - etirazçılardan biri belə deyib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahdan istifadə iddialarına cavab olaraq bu ölkəyə hərbi qüvvələr göndərməkdən müvəqqəti olaraq vaz keçdiyini, lakin yaxın vaxtlarda Suriyaya qarşı "məhdud hərbi müdaxilə" olacağını bəyan etmişdi.

AzNews.az