İran eskalasiyadan sonra milli azadlıq hərəkatları ilə üz-üzədir - ANALİZ

15 İyun 2025 16:54 (UTC+04:00)

İran İslam Respublikasındakı klerikal rejimin uzun müddət davam edə bilməyəcəyi artıq gün kimi aydındır. İsraillə savaşda İran hərbi qüdrətini tamamilə itirmək üzrədir. Nüvə dövlətinə çevrilmək potensialından, proksi qüvvələrindən, raket arsenalından məhrum edilmiş İran dərisinə saman təpilmiş şir maketinə çevriləcək. İranın sosial-iqtisadi vəziyyətini, etnik tərkibini, geopolitik təsir və təzyiqlərə açıqlığını, o cümlədən savaşdan məğlub ayrılmış bir ölkədə ən müxtəlif daxili güclər arasındakı ixtilafları göz önündə canlandıranda İranın aqibəti ilə bağlı bir neçə əsas versiya ortaya çıxır.

Mümkün ssenarilərdən birincisi budur ki, ölkədə “islahatçı” kimi tanınan qüvvələrin içindən bir qrup çıxır, onlar yeni məşrutə hərəkatı başlayır, İran Konstitusiyanı dəyişərək demokratik və dünyəvi yenidənqurmaya start verirlər. Bunun üçün öncə ölkədə keçid hökuməti qurulmalıdır. Belə bir hökumətin qurulması üçün isə, ictimai-siyasi konsensus lazımdır. İranda dünyəvi hüquq və azadlıqların təşəkkülü ilk baxışdan cəlbedici olsa da, 1979-ci ildən bəri totalitar dini rejimin, ondan qabaq da Pəhləvi monarxiyasının sərt təzyiqi altında olmuş bir cəmiyyətin ənənələri bu cür keçidə imkan vermir. Odur ki, ilk ssenarinin İranda gerçəkləşməsi ən az ehtimal olunandır.

İkinci ssenari İranda baş vermiş rejim dəyişikliyindən sonra yaranacaq güc vakuumunun necə doldurulacağından asılıdır. İranın hakim elitası təkcə mollalardan ibarət deyil. Ölkədə həm ordu, həm də kəşfiyyat qurumlarında- əsas isimləri aradan götürülsə də, - nüfuzlu generallar, yüksək rütbəli zabitlər var. Əgər onlardan biri yeni lider kimi ortaya çıxarsa, bu halda, islamçı ideologiyadan imtina etmiş rejim fars-şovinist mahiyyətini saxlayacaq və geniş repressiyalara başlayacaq. Bu halda İrana qarşı sanksiyalar davam edəcək, iqtisadi böhran dərinləşəcək, gözləntiləri doğrulmayan cəmiyyət etirazlara başlayacaq. “Avtoritar yeni İran” şovinist məzmuna malik olacağından həm region dövlətləri, həm də geopolitik güclər üçün başağrısına çevriləcək, hətta anti-İsrail ritorika davam etdiriləcək. Odur ki, İranda rejim dəyişikliyi konkret bir savaşın nəticəsi olaraq dəyişəcəyindən qalib tərəfin bu ssenariyə qarşı hazırlıqlı olduğunu və imkan verməyəcəyini güman etmək mümkündür.

İranda monarxiyanın bərpası üçüncü, amma öncəkilərlə müqayisədə nisbətən mümkün ssenarilərdən biridir. Pəhləvilərin xaricdəki nümayəndələri artıq hakimiyyət iddialarını ortaya qoyublar və bu, İrandakı rejim dəyişikliyində açıq tərəf olduqlarını göstərir. Lakin ölkədə şah dövrünün nostalgiyası ilə yaşayanlar nə qədərdir? İranın son dərəcə gənc əhalisi monarxist qrupların təsirindədirmi? Düzdür, şah ailəsi modern, elit, qərbpərəst imicə sahibdir, amma bu imic yoxsul təbəqələrdə daha çox qıcığa səbəb olmurmu? Ayrıca monarxiyanın bərpası regiona sülh, yoxsa yeni konfliktlər gətirir? Pəhləvi ailəsi İranda "xain" kimi qarşılanırdı, bu ehkamlar qalırmı? Bütün bu suallar üzərində düşünəndə və xüsusilə İranda dünyəviliyə olan ehtiyacı nəzərə alanda monarxiyanın bərpası da aparıcı ssenariyə çevrilmir.

Əgər ilk üç ssenari real deyilsə, o zaman məntiqi olaraq İran xaosa sürüklənməlidir. Bəli, bu kifayət qədər real ehtimaldır. Əvvəla, Suriyada Bəşər Əsədə qarşı döyüşmüş qüvvələr var, onlar İran rejiminin konvensional gücünü qırmaq üçün böyük ehtimalla ölkə daxilinə sızacaqlar. İkincisi, həm siyasi, həm də iqtisadi qeyri-sabitlik daxili silahlı qüvvələr meydana çıxaracaq. Üçüncüsü, bölgədə bir kürd faktoru da var və kürd hərəkatı öz iddialarını silah gücü ilə təmin etməyə meyillidir. Bu ssenari Azərbaycan da daxil olmaqla bütün qonşu ölkələr üçün ciddi problemlər yaradır. Eyni zamanda, Suriyavari uzunmüddətli xaosun meydana çıxması İranda marağı olan dövlətlərin də nəfinə deyil. Odur ki, proseslərin bu məcrada inkişafına ilk etapda göz yumula bilər, lakin qısa zamanda önləyici tədbirlər alınacaq.

Beşinci ehtimal İranda milli azadlıq hərəkatlarının başlanmasıdır. Bu ssenari ən ağlabatandır ona görə ki, güclü mərkəzi hakimiyyətə malik olan Tehran kimi, xaosa sürüklənmiş İran da heç kimə lazım deyil. İslam rejimin çökməsi ilə ölkədəki milli və dini müxtəlifliyi təmsil edən çoxsaylı qruplar öz müstəqillik iddialarını ortaya qoyacaqlar. Həmin iddialar imperiya kimi parçalanmamış İranın tarixi dialektikasının təbii nəticəsidir. Bununla belə, bölgədə yeni dövlətlərin yaranması həm də müəyyən risklərin, ərazi mübahisələrinin ortaya çıxması deməkdir. Odur ki, regionda qeyri-sabitliyin davam etməsi Qərbin çox da marağında sayıla bilməz. Lakin bundan daha az riskli variant da yoxdur.

NƏTİCƏ ETİBARI İLƏ, ox yaydan çıxıb, teokratik rejim can üstündədir və ABŞ prezidenti Donald Trampın da spylədiyi kimi, fars şovinizmi əski İran imperiyasının ancaq qalıqlarından bir hissəyə iddia edə bilər. İranda tezliklə milli azadlıq hərəkatları başlayacaq. Milli hərəkatlar, eyni zamanda, sosial narazılıqların da ifadəçisi olacaq. Odur ki, bu hərəkatların ortaya çıxaracağı yeni ərazi mübahisələri, qaçqın axını və qeyri-sabitlik təhlükəsi kimi olaylar silsiləsinə həm regional, həm də qlobal akterlər hazır olmalıdırlar. Bu ssenarinin ən güclü olması həm İranda, həm regionda, həm də dünyada yaxın gələcəkdə ciddi dəyişikliklərin baş verəcəyinə işarədir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru