“Dünya tarixini resurslar və onlara nəzarət uğrunda gedən daimi mübarizə tarixi adlandırmaq olar. Əgər bu resurslar 1991-ci ildən sonra formalaşan dünya nizamının aparıcı gücü olan ABŞ-a loyal (və ya qismən loyal, neytral) hakimiyyətlərin nəzarətindədirsə, həmin hakimiyyətlərin davamlılığı – hətta onlar monarxiya və ya teokratiya formasında olsa belə – Qərb üçün təhlükə hesab edilmir. Əks halda, belə rejimlərin devrilməsi məqsədilə Qərb tərəfindən müxtəlif “rəngli” ideyalar və hərəkatlar meydana çıxarılır. Bu tip ideyalar İranda 2000-ci illərdən etibarən cücərməyə başladı. Yaşıl rəng mahiyyətcə İslamı simvolizə etsə də, 2009-cu ildə baş qaldıran “Yaşıl Hərəkat” əslində 1979-cu il İran İslam İnqilabının ideyalarına qarşı çıxaraq ölkəyə yeni, reformist idarəetmənin gətirilməsini hədəfləyirdi. Hərəkatın əsas simalarından biri olan Mir-Hüseyn Musəvi (İranın son baş naziri, 1981–1989; 1989–2009-cu illər ərzində prezidentlərin baş məsləhətçisi və 2009-cu ildə prezidentliyə namizəd) həmin dövrdə ciddi siyasi təsirə malik idi. Onun namizədliyi əvvəlki prezident Məhəmməd Hatəmi tərəfindən də dəstəklənmişdi”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, İranın nüvə silahı əldə etmə planı ilə bağlı iddialar beynəlxalq narahatlığa səbəb olub. Hörmüz boğazına və enerji yollarına nəzarəti İranı strateji aktora çevirir. Ekspertlər hesab edir ki, ABŞ və müttəfiqləri İrana qarşı 1991-ci ildə İraqa tətbiq edilən strategiyanı təkrar edir. İranın nəzarət altına düşməsi güc balansını dəyişə, enerji bazarlarını riskə ata bilər. Nüvə proqramı bəhanə, əsas hədəf isə enerji ehtiyatları və geosiyasi mövqedir
Siyasi şərhçi qeyd edib ki, hakimiyyəti saxlamağa çalışan mühafizəkar dairələrin dəstəyi ilə Mahmud Əhmədinejadın seçkilərdə qalib elan edilməsi ölkədə ciddi narazılıqlara səbəb oldu.
“Hərəkat yatırıldı və liderləri, o cümlədən Musəvi, ev həbsinə alındı. 2025-ci ilin fevralında Tehranda və digər böyük şəhərlərdə baş verən “Yaşıl ümid yolu” etirazları da bəzi müşahidəçilər tərəfindən Musəvi və 2009-cu il hərəkatının ideyaları ilə əlaqələndirildi. Beləliklə, İran daxilində və xaricində (keçmiş Pəhləvi, Qacar və digər qüvvələrlə bağlılığı olan, lakin hazırkı rejimə qarşı çıxan) müxalifət qüvvələrinin konsolidasiyası və onların rejim dəyişikliyinə cəlb olunması Qərbin uzunmüddətli planlarının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu plan müəyyən dövrlərdə təxirə salınsa da, 2015-ci ildə İranla imzalanan nüvə sazişi ölkəyə verilmiş ikinci şans hesab olunurdu. Lakin İranın ali dini-siyasi rəhbərliyi bu fürsəti düzgün qiymətləndirmədi. Halbuki nüvə arsenalına xərclənən elmi və maddi resurslar iqtisadi inkişaf və sanksiyaların yumşaldılması istiqamətində istifadə olunsaydı, bu günkü reallıqlar fərqli ola bilərdi. İranın nüvə silahı əldə etmək uğrunda davamlı səyləri, eyni zamanda Qərbin Yaxın Şərqdə formalaşdırmağa çalışdığı geosiyasi düzənə “şiə müqavimət oxu” vasitəsilə mane olmağa çalışması, analitiklərə görə, hazırkı İran rejiminin zəifləməsinə və son nəticədə süqutuna səbəb ola bilər. İranın bu qədər diqqət mərkəzində olması təkcə ideoloji və siyasi səbəblərlə deyil, həm də onun sahib olduğu nəhəng təbii resurslarla izah olunur. İran 1,6 milyon kvadrat kilometr əraziyə malik olmaqla dünyanın ən zəngin resurs ölkələrindən biridir. Təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada dördüncü, qaz ehtiyatlarına görə Rusiyadan sonra ikinci yerdədir. Sink ehtiyatları baxımından dünyada ilk 2-likdə, dəmir filizi və mis baxımından isə ilk 10-luqda qərarlaşır. Uran ehtiyatlarına görə 12–15-ci yerlər arasındadır. Bundan əlavə, qızıl, gümüş və digər strateji mədən ehtiyatlarına malikdir. İran ərazisindən keçən Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, eləcə də onun nəzarətində olan Hörmüz boğazı (Omanla birlikdə) qlobal enerji ticarətinin təxminən 20 faizinin keçdiyi strateji məntəqədir. Yeni formalaşdırılan Şərq–Qərb dəhlizinin çatışmayan əsas hissələrindən biri – Zəngəzur dəhlizinin açılması qarşısında da İranın ciddi siyasi mövqeyi əsas maneə kimi qiymətləndirilir”.
Siyasi şərhçi əlavə edib ki, İran dəfələrlə Hörmüz boğazını bağlamaqla Qərbi təhdid edib:
“1980–1988-ci illərdəki İran–İraq müharibəsində boğaz tam bağlanmasa da, minalar və tankerlərə hücumlar bu bölgədə gəmilərin hərəkətini iflic etmişdi. 2000–2010-cu illərdə ABŞ-la artan gərginlik zamanı da İran bu təhdidi gündəmə gətirmişdi. Bu günlərdə boğazda tankerlərin partlaması həmin ssenarinin “dejavü”sünü xatırladır. Lakin bu keçidin bağlanması Qərb üçün “qırmızı xətt” sayıldığından, Tehran bu addımı atmağa hələlik cürət etməyib. İranın bütün bu imkanlardan yararlanması onun təkcə regional deyil, həm də qlobal güc kimi çıxış etməsinə yol aça bilərdi. Lakin qlobal güclər bu ssenarini qəbul etmədiyindən İran zaman-zaman daxili qarışıqlıqlar, çevriliş cəhdləri və siyasi təzyiqlərlə üz-üzə qalıb. 13 iyun 2025-ci ildə başlayan İsrail–İran müharibəsi isə artıq bu uzunmüddətli prosesin son mərhələsi kimi qiymətləndirilir. Bu mərhələdən sonra Qərbin diqqətinin digər müqavimət göstərən aktorlara yönələcəyi ehtimal olunur”.
Siyasi şərhçi sonda vurğulayıb ki, İranın zəiflədilməsi və mümkün parçalanması regionda yeni sərhədlərin formalaşması ilə nəticələnə bilər:
“Bu isə xüsusilə Türkiyə üçün ciddi təhlükələr yarada bilər. Regionda yeni bir kürd dövlətinin qurulması Türkiyə üçün ən arzuolunmaz ssenarilərdən biridir. İsrailin nəzarətində olan bu cür bir proksi-dövlətin yaradılması gələcəkdə enerji və qlobal keçidlər üzərində nəzarət imkanlarını artırmaqla yanaşı, İsrail və onun müttəfiqlərinin maraqlarına xidmət edəcək. Bu isə eyni zamanda Çin və Rusiyanın qlobal hegemonluq iddialarını zəiflədə və beynəlxalq miqyasda yeni geosiyasi gərginlik dalğaları yarada bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az