MM süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişikliyi I oxunuşda qəbul edib

21 İyun 2025 13:35 (UTC+04:00)

Milli Məclis Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkilinə icazə verilməsini ilk oxunuşda qəbul edib.

Bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara qanunlara təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir.

Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.