İlham Əliyevin vəkilləri kimlər olacaq? – Açıqlama

4 Sentyabr 2013 11:27 (UTC+04:00)
Azərbaycanın hazırkı prezident və prezidentliyə namizəd İlham Əliyevin seçkilərdə vəkillərinin kimlər olacağı məsələsi uzun müddətdir diqqət mərkəzindədir.

Prezidentin seçkilərdə vəkillərinin kimlər olacağının müəyyənləşib-müəyyənləşmədiyi ilə bağlı AzNews.az-ın sualını cavablayan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, bütün bu məsələlər seçki təbliğatı başlayan zaman aydın olacaq. M.Qurbanlı deyib ki, vaxtı gələndə, bu suallar öz cavablarını tapacaq. Partiya rəsmisi məsələ ilə bağlı daha geniş münasibət bildirməyib.

M.Qurbanlı hakim Yeni Azərbaycan Partiyasının seçki təbliğatı başlayandan sonra kütləvi mitinqlər keçirib-keçirməyəcəyi ilə bağlı məsələyə də Seçki Məcəlləsində nəzərdə tutulan vaxtın çatmasının ardından bütün ictimaiyyət üçün aydın olacağını qeyd edib.

Qeyd edək ki, prezident seçkilərində prezidentliyə namizədlərin 50 vəkili ola bilər. Vəkillər toxunulmazlıq hüququna sahib olurlar və təhkim olunduqlarını bölgələrdə prezidentliyə namizədin təbliğatını aparırlar.

Anar
AzNews.az