Dünyada baş verən hadisələrə Azərbaycanın ali dövlət maraqları prizmasından yanaşmaq hər bir Azərbaycan vətəndaşı üçün bir neçə səbəbə görə zəruri və vacibdir:
1. Milli təhlükəsizlik və müstəqilliyin qorunması
Hər bir beynəlxalq hadisə Azərbaycan üçün birbaşa və ya dolayı şəkildə təhlükəsizlik riskləri yarada bilər. Dünyadakı prosesləri qiymətləndirərkən Azərbaycanın ali dövlət maraqlarını əsas tutmaq potensial risklərə qarşı əvvəlcədən tədbirlər görülməsi və müstəqilliyimizin qorunması baxımından əhəmiyyətlidir.
2. Regional liderliyin və strateji maraqların möhkəmləndirilməsi
Azərbaycan mühüm geosiyasi mövqeyə sahib ölkədir və Cənubi Qafqazda baş verən proseslərə aktiv şəkildə təsir edir. Bu, regional liderlik mövqeyini gücləndirir və Azərbaycanın maraqlarını təmin edir. Eyni zamanda, Azərbaycan qlobal siyasət üçün "orta güc" olmağı planlaşdırır. Hansı hadisə bizim "orta güc" olmağımıza fürsət yaradır, yaxud əksinə planlarımıza mane olur? Buna baxmaq lazım.
3. İqtisadi maraqların müdafiəsi
Dünyada baş verən siyasi, iqtisadi və hərbi proseslər Azərbaycanın enerji siyasəti, tranzit potensialı və xarici ticarət imkanlarına təsir göstərir. Dövlət maraqlarından çıxış edərək bu prosesləri təhlil etmək və cəmiyyətin diqqətini atılacaq düzgün addımlara yönəltmək iqtisadi maraqlarımızın müdafiəsi baxımından vacibdir.
4. Milli kimliyin və mənəvi dəyərlərin qorunması
Qlobal proseslər milli kimliyimizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə ciddi təsir edir. Azərbaycanın dövlət maraqları milli-mənəvi sərvətlərin qorunmasına yönəlib.
5. Dünya siyasətində düzgün mövqe tutmaq
Beynəlxalq təşkilatlar və dünya gücləri ilə münasibətlərin qurulmasında milli maraqlarımızı əsas götürmək Azərbaycanın xarici siyasət strategiyasını uğurla həyata keçirməyə və qlobal proseslərdə daha təsirli mövqe tutmağa imkan yaradır.
6. İctimai şüurun formalaşdırılması
Hər bir vətəndaşın dünyadakı hadisələrə Azərbaycanın ali maraqlarından yanaşması milli həmrəyliyi möhkəmləndirir və ictimai şüuru dövlət maraqlarına uyğun formalaşdırır. Bu isə cəmiyyətin vahid və güclü olmasını təmin edir.
7. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması
Azərbaycanlılar dünya hadisələrinə milli maraqlar çərçivəsində yanaşdıqda ölkəmizin beynəlxalq səviyyədə nüfuzu artır. Bu, diplomatiyamıza dəstək verir və Azərbaycanı dünya səhnəsində daha güclü oyunçuya çevirir.
UZUN SÖZÜN QISA XÜLASƏSİ
Azərbaycan vətəndaşı olaraq hər birimiz dövlət maraqlarımızı prioritet kimi qəbul etməli və beynəlxalq prosesləri bu prizmadan dəyərləndirməliyik. Bu, həm dövlətimizin güclənməsinə, həm də hər bir vətəndaşın ölkəyə daha çox töhfə verməsinə imkan yaradır.
XÜSUSİ OLARAQ VURĞULAMAQ İSTƏYİRƏM:
Dünya sürətlə dəyişir. Yaxşılığa, ya pisliyə hələ bunu tam bilmirik. Amma onu dəqiq bilirik ki, arxitekturası çökmüş dünyada Azərbaycan sabitlik, təhlükəsizlik və tərəqqi ölkəsidir. Bütün bunlar Prezident İlham Əliyevin xalqımıza müstəsna tarixi xidmətlərinin nəticəsidir. Dünyada nə baş verirsə versin, Azərbaycanın çox əsrlik dövlətçilik ənənələrinin yetişdirdiyi bu siyasi dühaya qeyd şərtsiz güvənməliyik. Bizi bir cəmiyyət və dövlət olaraq son on illiklərdə xalqın öz liderinə güvəni xilas edib.
Taleh ŞAHSUVARLI