Bölgələrdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Onun sözlərinə görə, bu il bölgələrdə yeni liseylər yaradılacaq:
"Azərbaycanda təxminən 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir. Bəzi bölgələrimizdə tarix boyu lisey olmayıb. Biz xüsusilə həmin regionlarda lisey və gimnaziyaların olmasına çalışırıq".
Nazir bildirib ki, fizika, riyaziyyat, informatika, həmçinin kimya və biologiya təmayüllü lisey modelləri özünü kifayət qədər doğruldub:
"Sumqayıt və Mingəçevirdə istedadlı uşaqlarla işləməkdə ixtisaslaşan xüsusi məktəblər var. Bu məktəblərdə məzmunu bir az da dərinləşdirməliyik. Çünki istedadlı uşaqları ali təhsil müəssisələrinə qəbul imtahanları çərçivəsində məhdudlaşdırmamalıyıq. Onların hər birinin potensialı daha çox elmi yükü götürməyə qadirdir".