Milli Məclis səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi haqqında təklifi ilk oxunuşda qəbul edib.
Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında Mülki Prosessual Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Konstitusiya Məhkəməsinin 04.11.2020-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Plenum Qərarında qeyd edilib ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində inzibati xəta haqqında işin baxılması yerini müəyyən edib.
İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.
Sənədə əsasən, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsi məhkəmə təcrübəsində mübahisə doğurmur. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.
Buna görə də Məcəllənin 129.1.3-cü maddəsinə təklif edilən növbəti dəyişikliyə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi, əlavə edilməsi nəzərdə tutulan 129.1-1-ci maddəyə əsasən isə, barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə şikayətə baxılması üçün vəsatətin verilməsi təklif edilir.
Həmçinin Məcəlləyə əlavə edilməsi təklif edilən 129.1.3-1-ci maddənin tələblərinə görə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalara görə şikayətin şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə verilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.