Qəbələ ərazisində yeni tapıntılar aşkarlanıb

4 Sentyabr 2013 14:12 (UTC+04:00)
Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri tapılıb.

AzNews.az-a Azərbaycan Milli Elmlər Akademiyasından daxil olan məlumata görə, ərazidə 8-10-cu əsrlərə aid zəngin mədəni təbəqə aşkarlanıb.

Ekspedisiyasının rəhbəri AMEA-nın müxbir üzvü İlyas Babayev bildirib ki, tapıntılar şəhərin son antik və ilk orta əsrlər yaşayış yeri olan Qala adlı ərazisində aşkarlanıb.

Onun sözlərinə görə, həyata keçirilən qazıntı işləri zamanı qədim Qəbələ şəhərinin su-kanalizasiya sisteminin bir hissəsi, tikinti qalıqları, müxtəlf təndirlər, mis-bəzəklər, saxsı və şüşə qablar, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış bəzək əşyaları üzə çıxıb. Aşkarlanan qəbirlər, qədim Qala sakinlərinin yaşadıqlari evlərin həyətində dəfn olunduqlarını göstərir: "Maraqlı tapıntılardan biri də, qədim dövrə aid barıtla doldurulan əl qumbaralarıdır. Qumbaraların üzərində Əli və Allah sözləri yazılıb".

AzNews.az