Tovuzda 26 nəfər dönərdən zəhərləndi

25 İyun 2025 21:28 (UTC+04:00)

Tovuzda dönərdən zəhərlənmə hallarının sayı 26-ya çatıb

Tovuzda dönər yeyərək zəhərlənənlərin ümumi sayı 26 nəfərə yüksəlib. Zərərçəkənlər arasında 2012-ci il doğumlu Qədir Yusifov, 1997-ci il doğumlu Səbinə Muradova, 1987-ci il doğumlu Şəhanə İsmayılova, 2015-ci il doğumlu Dilək Musayeva, 2005-ci il doğumlu Nurəddin Məmmədov, 1991-ci il doğumlu Suqra Abdullayeva, 2009-cu il doğumlu Təhminə Məmmədova, 2008-ci il doğumlu Məmmədəli Hacıyev və digər şəxslər yer alır.

Məlumata görə, zəhərlənən şəxslərdən biri hamilə qadındır.

AzNews.az bildirir ki, bu gün saat 16:55-dən etibarən 20 nəfər (onlardan 10-u kişi, 10-u qadın) zəhərlənmə əlamətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib.

Məsələ ilə bağlı TƏBİB açıqlama yayıb və qeyd edib ki, zərərçəkənlərə bütün lazımi tibbi yardımlar göstərilib. Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xəstələr müalicələrini xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində davam etdirirlər.

AzNews.az