Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb

27 İyun 2025 14:00 (UTC+04:00)

Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib.

Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.