Yardımlıda dəhşət; Sürücü yola asfaltlandı - YENILƏNİB

4 Sentyabr 2013 20:18 (UTC+04:00)
Yardımlıda hamını təşvişə salan bədbəxt hadisə baş verib.
Rayonun mərkəzi küçəsində asfalt çəkilişi zamanı faciə baş verib.


AzNews.az-a daxil olan məlumata görə, sentyabrın 2-də saat 21 radələrində 48 yaşlı Çayüzü kənd sakini Gülağa Nəciyev, 30 tonluq asfalt çəkən maşının katokunun altında qalaraq həlak olub. Hadisə nəticəsində şəxsin meyiti asfalta yapışaraq, tanınmaz hala düşüb.

Hadisə şahidlərinin dediyinə görə, şəxsin cəsədini asfaltdan ayırmaq olduqca çətin olub və bu, müəyyən avadanlıqların köməyi ilə aparılıb.

Xəbərə görə, hadisədən sonra icra başçısı Sevindik Hətəmovun göstərişi ilə rayonda aparılan asfaltlaşma işi dayandırılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs qazel sürücüsüymüş.

***

Yardımlı rayonunda hamını təşvişə salan bədbəxt hadisə baş verib. AzNews.az-a daxil olan məlumata görə, sentyabrın 2-də saat 21 radələrində 1961-ci il təvəllüdlü Gülağa Əliağa oğlu Nəciyev yolbasan maşının altında qalıb. Rayonun Çayüzü kənd sakininin meyitinin asfalta yapışaraq, tanınmaz hala düşdüyü bildirilir. Fakt Yardımlı Rayon Prokurorluğundan təsdiqlənib.

Prokurorluqdan AzNews.az-a bildirilib ki, hadisə Heydər Əliyev prospektində aparılan yol təmir tikinti işləri zamanı baş verib. Lənkəran Yol-Tikinti ASC-nin yolbasan maşınının sürücüsü Lənkəran rayon Sərinbulaq kənd sakini 1984-cü il təvəllüdlü Qədir Nadir oğlu Qəribov idarə etdiyi "Bomag" markalı maşın ilə yol örtüyünə yeni salınan asfaltı hamarlayarkən oradan keçən G.Nəciyevi vurub. Maşını arxa tərəfə hərəkət etdirdiyindən sürücü piyadanı görməyib və üstündən keçib. Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi açılıb. Cinayət işi rayon prokurorunun icraatındadır.


Azər
AzNews.az