“Ermənistanın dönüş nöqtəsi: Sülh yoxsa xaos?”

30 İyun 2025 11:28 (UTC+04:00)

“Hazırda Ermənistanda müşahidə olunan daxili siyasi gərginlik, əslində, sadəcə hökumət əleyhinə etirazlardan ibarət deyil. Məsələ daha dərinə gedir. Burada uzun illərdən bəri Ermənistanın siyasi və ideoloji strukturunda həlledici rol oynamış qüvvələrlə müasir dövlətçilik arasında toqquşma yaşanır. Baş nazir Nikol Paşinyan, xüsusilə 2020-ci ilin Qarabağ müharibəsindən sonra, Ermənistanın regional reallıqlara uyğunlaşması zərurətini qəbul etmiş görünür. Bu prosesin əsas mərhələlərindən biri Azərbaycanın suveren ərazilərinə, Qazax rayonunun dörd kəndinə nəzarətin sülh yolu ilə qaytarılması idi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, İrəvanda siyasi gərginlik pik həddə çatıb. Baş nazir Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında açıq qarşıdurma ölkədə siyasi böhrana yol açıb. Müxalif arxiyepiskop Baqrat Qalstanyan və iş adamı Samvel Karapetyanın həbsi vəziyyəti daha da gərginləşdirib. Paşinyanın mövqeyini zəiflədən bu proseslər həm Ermənistan daxilində, həm də regionda narahatlıq doğurur. Bakı isə sərhəddə artan gərginlik və sülh prosesinin ləngiməsindən narahatdır.

Siyasi şərhçi bildirib ki, bu addım həm hüquqi cəhətdən, həm də regional təhlükəsizliyin təminatı baxımından zəruri və realist qərar kimi dəyərləndirilə bilər.

“Lakin bu qərar daxildə ciddi müqavimətlə qarşılandı. Xüsusilə, Ermənistan Apostol Kilsəsinin nümayəndələri və Tavuş yeparxiyasının sabiq rəhbəri arxiyepiskop Baqrat Qalstanyan bu addımın əleyhinə çıxaraq geniş xalq etirazlarını təşkil etdilər. Qalstanyan təkcə dini lider kimi yox, siyasi fiqur olaraq da önə çıxdı, Paşinyanın istefasını tələb etdi, İrəvana yürüş etdi və özünü alternativ lider kimi təqdim etməyə başladı. Bu, faktiki olaraq Ermənistanda dini institutların siyasətə açıq şəkildə müdaxiləsi və konstitusion nizamın təhdid altına düşməsi demək idi. Paralel olaraq, Rusiyaya yaxın olan iş adamları və siyasi dairələrin də bu prosesdə aktiv rol alması məsələnin geosiyasi miqyasını genişləndirir. Paşinyanın atdığı sərt addımlar, Qalstanyanın və tanınmış biznesmen Samvel Karapetyanın həbsi daxili müxalif qüvvələri neytrallaşdırmaq və sülh gündəmini qoruyub saxlamaq məqsədi daşıyır. Bu addımlar təbii ki, risklidir və qısa müddətdə siyasi zərbələrə yol aça bilər. Lakin uzunmüddətli perspektivdə Ermənistanın beynəlxalq hüquqa və regional əməkdaşlıq modelinə inteqrasiyası üçün alternativsizdir. Əgər Paşinyan bu siyasi mübarizədən qalib çıxarsa, 2026-cı ildə keçiriləcək parlament seçkilərində üstünlük qazanacağı ehtimalı yüksəkdir. Bu isə Ermənistanın Konstitusiyasının dəyişdirilməsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi və nəticə etibarilə sülh sazişinin imzalanması ilə nəticələnə bilər”.

Siyasi şərhçi əlavə edib ki, belə bir ssenari reallaşacağı təqdirdə, Azərbaycan və Türkiyənin Ermənistanın ərazi bütövlüyünü tanıması, diplomatik münasibətlərin qurulması və Ermənistanın beynəlxalq sistemə normal bir dövlət kimi inteqrasiyası mümkün ola bilər:

“Hazırda isə bu tanınma yoxdur və Ermənistan həm hüquqi, həm də təhlükəsizlik baxımından asılı və riskli vəziyyətdədir. Unutmayaq ki, Azərbaycan hələ də öz tarixi torpaqları ilə bağlı hüquqi mövqeyini saxlayır və bu, Ermənistan üçün davamlı təhlükə mənbəyidir. Məhz buna görə Paşinyan daxildəki radikal, revanşist və dini təsirli qüvvələri siyasi sistemdən uzaqlaşdırmağa çalışır. Həm öz hakimiyyətini qorumaq, həm də Ermənistanın gələcəyini təmin etmək üçün. Bu hadisələrin gedişatı Ermənistanın gələcək siyasi kursunu və regional sabitliyi müəyyən edəcək əsas faktorlardan biri olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az