Azərbaycan hökuməti ilə Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində kredit sazişi imzalanıb.
İmzalanma mərasimində iki sənəd - “AzərEnerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) arasında kredit müqaviləsi və Azərbaycan Respublikası ilə IBRD arasında zəmanət sazişi təsdiqlənib.
Məbləği 173,5 milyon ABŞ dolları olan kredit müqaviləsini “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ştefani Ştаlmaister imza atıblar.
Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.
Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə BOEM-lərin elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasına dəstək verməkdir.
Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.