İyunun 20-də keçirilən təkrar sertifikatlaşdırma imtahanında ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin iştirakı və nəticələri barədə məlumatlar açıqlanıb.
Ötən il sertifikatlaşdırma imtahanından müvəffəqiyyətlə keçə bilməyən müəllimlər üçün təşkil olunan bu təkrar imtahan prosesində 3338 müəllim iştirak edib və onlardan yalnız 1328 nəfəri tələb olunan keçid balını toplayaraq müsahibə mərhələsinə vəsiqə qazanıb. Qalan 2006 müəllim isə təəssüf ki, müvafiq minimum balı yığa bilməyib. Bundan əlavə, imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş sayılıb, prosesdə iştirak edən 4 nəfərin isə imtahan qaydalarını pozduqları üçün nəticələri ləğv edilib. Bu nəticələr müəllimlərin sertifikatlaşdırılmasında ciddi problemlərin olduğunu göstərir və bu problemin səbəbləri, həmçinin təhsil sistemindəki boşluqların aradan qaldırılması üçün görüləsi işlər haqda geniş düşünməyi tələb edir.
Ötən ilin sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərə cari ilin əvvəlindən etibarən Təhsil İnstitutu tərəfindən ehtiyaclarına uyğun təlimlər, vebinarlar və sınaq imtahanları təşkil olunub. Bu addımlar müəllimlərin bilik və bacarıqlarını artırmaq, onları imtahanlara daha yaxşı hazırlaşdırmaq məqsədi daşıyır. Lakin yenə də təkrar sertifikatlaşdırma imtahanında böyük bir qrup müəllimin minimum keçid balını toplaya bilməməsi təhsil sistemində daha dərin və struktur problemlərin mövcudluğuna işarə edir. Bu nəticələr müəllimlərin peşə hazırlığı səviyyəsinin aşağı olmasının, metodoloji dəstəyin yetərsizliyinin, həmçinin tədris prosesində tətbiq olunan yanaşmaların köhnəldiyinin göstəricisi kimi qiymətləndirilə bilər
Müəllimlərin sertifikatlaşdırma imtahanlarında uğursuz olmalarının səbəblərindən biri onların real iş şəraitində qarşılaşdıqları problemlərdir. Müəllimlərin çoxu yenilənmiş kurikulum, müasir pedaqoji metodlar, texnologiya istifadə bacarıqları və fərdi inkişaf mövzusunda kifayət qədər dəstək almır. Bundan əlavə, bəzən müəllimlərin özləri də motivasiya və professional inkişaf üçün kifayət qədər imkanlara malik olmur, tədris yükünün çoxluğu, maaşların aşağı olması və sosial statusun zəifliyi kimi amillər onların hazırlıq səviyyəsinə mənfi təsir göstərir. Təhsil sistemindəki koordinasiya çatışmazlığı, resursların bərabərsiz paylanması və idarəetmədəki bürokratik maneələr də müəllimlərin bacarıqlarının artırılmasına əngəl yaradır
Bu problemlərin həlli üçün ilkin növbədə müəllimlərin peşəkar inkişafına sistemli və davamlı investisiyaların yönəldilməsi vacibdir. Təlimlərin və vebinarların daha interaktiv, praktik yönümlü və müəllimlərin real ehtiyaclarına uyğun olması təmin edilməlidir. Müasir təhsil texnologiyalarının tətbiqi, distant və blended learning formatlarında təlimlərin artırılması müəllimlərə öz vaxtlarında öyrənmək və yenilənmək imkanı yaradacaqdır. Bundan əlavə, məktəb rəhbərlikləri və regional təhsil idarələri ilə sıx əməkdaşlıq qurulmalı, müəllimlərin iş şəraiti yaxşılaşdırılmalı, onların motivasiyasını yüksəldəcək sosial və maddi dəstək mexanizmləri gücləndirilməlidir
Sertifikatlaşdırma prosesinin şəffaflığı və ədalətliliyi qorunmalı, imtahan suallarının müasir tələblərə uyğun, müəllimlərin gündəlik işinə aid olan və real biliklərini ölçən formatda hazırlanması zəruridir. Eyni zamanda, imtahan prosesində texniki və metodoloji dəstək artırılmalı, mümkün texniki problemlərin vaxtında aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Təhsil sistemində aparılan islahatlar çərçivəsində müəllimlərin peşə inkişafı, tədris keyfiyyəti və ümumi təhsil səviyyəsinin artırılması istiqamətində multidissiplinar yanaşmalar tətbiq edilməli, müəllimlər tədrisə daha çox cəlb edilməli və onlara güvən yaradılmalıdır
Nəticə etibarilə, təkrar sertifikatlaşdırma imtahanında aşağı nəticələr təhsil sistemində ciddi islahatların zəruriliyini göstərir. Müəllimlərin professional bacarıqlarının artırılması, onların motivasiyasının gücləndirilməsi, təhsil resurslarının optimallaşdırılması və ümumi idarəetmənin təkmilləşdirilməsi sayəsində daha keyfiyyətli təhsil mühiti yaradılacaq və gələcək nəsillərin təhsildə uğurlu olması təmin ediləcəkdir. Təhsil sahəsində bütün tərəflərin birgə səyi ilə bu boşluqların aradan qaldırılması mümkündür.
Pərvanə,
AzNews.az