Azərbaycandan ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artmaqda davam edir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqladığı rəsmi məlumatlara əsasən, cari ilin yanvar–may aylarında ölkədən ixrac olunan məhsullar üçün ümumilikdə 35 515 mənşə sertifikatı təqdim edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz artım deməkdir.
Aznews.az şərh edir ki, mənşə sertifikatı yalnız məhsulun harada istehsal edildiyini təsdiqləmir, həm də ixracatçılara xarici bazarlarda əlavə imkanlar açır. Sertifikat ixracatçıların idxalçı ölkələr tərəfindən təqdim olunan güzəşt və üstünlüklərdən yararlanmasına şərait yaradır, həmçinin məhsulların etibarlı mənbələrdən əldə olunmasını təmin edir.
Son illər Azərbaycanın ixrac siyasətində şəffaflığın və sənədləşmənin gücləndirilməsi ölkənin xarici ticarət əlaqələrinin daha etibarlı və rəqabətli olmasına şərait yaradır. İxracatda şəffaflıq həm yerli, həm də beynəlxalq tərəfdaşlar üçün etimadı artırır. Mənşə sertifikatlarının sayındakı artım isə, bir tərəfdən, yerli istehsalın həcminin və keyfiyyətinin artdığını, digər tərəfdən isə Azərbaycan məhsullarına beynəlxalq bazarlarda marağın yüksəldiyini göstərir.
Mütəxəssislər hesab edirlər ki, bu cür tendensiya yerli sahibkarlar üçün yeni bazarlara çıxışı asanlaşdırır, ölkə iqtisadiyyatının şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Eyni zamanda, mənşə sertifikatlarının artımı Azərbaycanın ixracatçı brend olaraq mövqeyinin möhkəmlənməsi üçün də vacib addım hesab olunur.
Nuray,
AzNews.az