İrəvan xanlığının Rusiya tərəfindən işğalına dair onlayn kitab 9 dildə təqdim edilib

1 İyul 2025 16:58 (UTC+04:00)

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının onlayn versiyası 9 dildə - Azərbaycan, türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində Azərbaycan Tarixi Elektron Kitabxanasında və Milli Kitabxananın elektron kataloqunda yerləşdirilib.

Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılan bu əsərin müəllifləri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov (elmi redaktor və naşir), professor Tofiq Mustafazadə (elmi redaktorun müavini), dosent Güntəkin Nəcəfli (məsul redaktor) və başqalarıdır.

Kitab “İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir”, “Xanlığın əhalisi”, “Sosial-iqtisadi həyat”, “Xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi”, “Mədəniyyət”, “Xarici siyasət”, “Rusiya imperiyasının və Qacarlar dövlətinin işğalçılıq planları”, “İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı”, “İşğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülməsi” və “İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsi. Müasir vandalizm: tarixi adlara qarşı soyqırım” bölmələrindən ibarətdir.

Yaqub Mahmudov kitaba yazdığı “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı geniş “Ön söz”də bu fikirləri bildirib:

“Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında - İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı. Erməni millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya imperiyasının Azərbaycan xanlıqları, Qacarlar və Osmanlı dövlətləri ilə bağladığı müqavilələrin adları və mətnləri belə saxtalaşdırıldı. Rusiya və Sovet İttifaqının ali rəhbərliyində, dövlət və hökumət strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi surətdə köçürülüb gətirilmiş gəlmə ermənilər bu regionun “ən qədim yerli əhalisi”, ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli azərbaycanlılar isə “gəlmə”, “köçəri yırtıcılar” kimi qələmə verilməyə başlandı”.

Xatırladaq ki, işğalçı Rusiya qoşunlarının İrəvanda törətdikləri dağıntılar və şəhərə vurduqları zərərlə bağlı rus hərb tarixçisi V.Potto belə yazırdı: “Rus mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi”.

Aznews.az