Qaxda ağır yol qəzası; 5 yaralı

5 Sentyabr 2013 07:05 (UTC+04:00)
Qaxda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, beş nəfərin yaralanması ilə nəticələnən yol qəzası Qax-Şəki magistiral yolunun 3-cü kilometrliyində, Qax rayonu ərazisində baş verib.

Qax rayonu Qıpçaq kənd sakini, 1993-cü il təvəllüdlü Nəbili Orxan İlqar oğlunun idarə etdiyi VAZ 21099 markalı, 10 BL 049 dövlət nişan nömrəli avtomobil Qax şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Şəki rayon sakini, 1963-cü il təvəllüdlü Nəbiyev Cəfər Əsəbəli oğlunun idarə etdiyi "Mitsubishi Pajero" markalı, 10 TO 355 dövlət nişan nömrəli avtomobillə toqquşub.

Qəza nəticəsində VAZ 21 099 markalı avtomobilin sürücüsü Orxan Nəbili, sərnişinlər - Qax rayonu Qıpçaq kənd sakinləri 1992-ci il təvəllüdlü Nəbili Nəbi Cuma oğlu, 1993-cü il təvəllüdlü Cumayev Hidayət Sahib oğlu, 1992-ci il təvəllüdlü İbrahimli Əfqan Nəsrullah oğlu və "Mitsibushi Pajero" markalı avtomobilin sürücüsü Cəfər Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Qax MRX-dan APA-ya verilən məlumata görə, Şəki rayon sakini Cəfər Nəbiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Nəbi Nəbili, Orxan Nəbili, Hidayət Cumayev və Əfqan İbrahimli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Qax rayonu Qıpçaq kənd sakinləri Qax şəhərindəki şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedirlərmiş.

AzNews.az