“Məsələ bir müddət müzakirədə olub və ötən aylarda təxirə salınsa da, indi yenidən aktuallaşır. Rusiyanın əsas ticarət partnyorları arasında Rusiya, Hindistan, Çin, Türkiyə, Belarus, Braziliya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri var. İndi sual yaranır: bu ölkələrə 5% rüsum tətbiq etmək mümkün olacaqmı? Əgər tətbiq edilərsə, ən çox zərər çəkən Amerika olacaq. Çin iki gün öncə ticarət sazişi bağladığını, Hindistanın da oxşar addım atacağını elan edib. Bu səbəbdən rüsumların tətbiqi hələlik sual altındadır və olsa belə, Amerika bundan ən çox zərər görəcək”.
Bu fikirləri AzNews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Xatırladaq ki, ABŞ Rusiyanın ticarət tərəfdaşı olan və Ukraynaya dəstək verməyən ölkələrə 500 faiz rüsum tətbiq etməyi planlaşdırır. Konqresmen Lindsi Qrem “ABC” kanalına bildirib ki, iyulun 7-də Senat Rusiyaya qarşı sanksiya layihəsini müzakirə edəcək. ABŞ Rusiyadan mal alan və Ukraynaya kömək etməyən ölkələrin daşımalarına 500 faiz rüsum qoyacaq. Prezident Donald Tramp da Putinin siyasətindən narazıdır və daha sərt sanksiyaları nəzərdən keçirir.
Ekspert qeyd edib ki, tariflərin tətbiqi ikitərəfli xarakter daşıyır, yəni həmin ölkələr də Amerikaya qarşı rüsumlar tətbiq edə bilər ki, bu da Amerika biznesinə mənfi təsir göstərəcək.
“Buna görə, bu siyasətin davam etdirilməsi ehtimalı aşağıdır və əsasən kiçik dövlətlərə qarşı tətbiq oluna bilər. Tariflərin qarşılıqlı tətbiqi həm qarşı tərəfə, həm də özünə ziyan gətirir. Bu vəziyyət Amerika üçün daha çox düşmən qazanmağa səbəb ola bilər, lakin münasibətlərin daha da gərginləşməsinə ciddi təsir etməyəcək. Əsas məqsəd ABŞ-nin bu qərarı manipulyasiya vasitəsi kimi istifadə edərək, istədiyi ölkələri öz maraqlarına uyğun danışıqlara cəlb etməkdir. Qanunun qəbul olunması və tətbiqi hələlik qeyri-müəyyəndir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az