Baş Prokurorluq: Qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq hüquqa ziddir

2 İyul 2025 12:39 (UTC+04:00)

Qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür.

Bu barədə Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəis müavini Samirə Nəcəfzadə Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın Yekaterinburq şəhərində işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə bildirib.

“Bunlardan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Konvensiyasını, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktı”nı qeyd edə bilərik. Son hadisə zamanı bu konvensiya və paktların tələbləri pozulub. Bundan başqa, Avropa İnsan Hüquqları Konvensiyasını qeyd etmək olar. Azərbaycan hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə 2022-ci ilə qədər sözügedən konvensiyasının üzvü olub. Bu konvensiyanın tələblərinə əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin hüquqları pozulub”,- deyə S. Nəcəfzadə vurğulayıb.