Ermənistanın Korrupsiya ilə mübarizə komitəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyana qarşı rüşvət alma və qanunsuz sahibkarlıq fəaliyyətində iştirakla bağlı ittiham irəli sürüb.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
İstintaq müəyyən edib ki, Sarkisyan qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək etibarlı şəxsləri vasitəsilə kommersiya təşkilatları yaradıb və onlara rəhbərlik edib.
Sarkisyan 2000–2018-ci illərdə Ermənistanın müdafiə naziri, baş nazir və prezident vəzifələrini tutub. Agentliyin məlumatına görə, 2006-cı ildə Sarkisyan nümayəndəsi M. B. vasitəsilə Kiprdə qeydiyyatdan keçmiş iki Rusiya şirkəti ilə birgə yeni şirkət yaradıb. O, bu şirkətin 50 faiz səhm payını M. B.-yə məxsus olan şirkətin adına, digər 50 faizini isə Rusiya şirkətlərinin adına rəsmiləşdirməyi tapşırıb.
Daha sonra Sarkisyan nümayəndəsindən yeni şirkətdəki 22,5 faiz payı rüşvət kimi onun qohumu və Ermənistanın ikinci prezidentinin oğlunun yaratdığı şirkətə verməsini tələb edib. M. B. bu tələbi yerinə yetirərək göstərilən payı satıb və formal müqavilə çərçivəsində investisiya edib.