“Azərbaycanda rus bölmələrinin və ali məktəblərdə rus dilində tədrisin mərhələli şəkildə ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlar ölkənin təhsil siyasətində ciddi dönüş nöqtəsini göstərir. Məlumatlara əsasən, qarşıdakı 3 il ərzində ümumtəhsil müəssisələrində rus bölmələri bağlanacaq, 2025–2026-cı tədris ilindən isə ali təhsil pilləsində rus dilində tədris tam dayandırılacaq və bütün ixtisaslar üzrə dərslər yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Artıq bəzi ali məktəblərdə rus bölməsində təhsil alan tələbələrə Azərbaycan dili üzrə imtahan vermək üçün son tarix kimi 2025-ci il avqustun 20-si göstərilib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Qeyd edək ki, Azərbaycanda rusdilli məktəblərin üç il ərzində bağlanacağı barədə xəbərlər ictimaiyyətdə müzakirələrə səbəb olub. Ali təhsildə də 2025-2026-cı ildən tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Rus sektorunda oxuyan tələbələr avqustun 20-dək Azərbaycan dili imtahanı verməlidirlər.
Təhsil eksperti bildirib ki, bu yanaşma təkcə dil məsələsi ilə bağlı deyil, həm də milli təhsil modelinin vahid strukturda qurulması, pedaqoji keyfiyyətin yüksəldilməsi və milli suverenliyin təhsil siyasətində daha qabarıq şəkildə əks olunması baxımından strateji əhəmiyyət daşıyır.
“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində dövlət təhsil sisteminin əsas prinsipləri sırasında milli və mənəvi dəyərlərə əsaslanma, dövlət dilində təhsil alma hüququnun təmin olunması və təhsildə bərabər imkanların yaradılması göstərilir. Bu günə qədər təhsil sistemində rus bölməsi ayrı-seçkilik yaradan bir struktur kimi qalırdı: eyni ixtisasa rus bölməsi üzrə daha aşağı balla qəbul olmaq, fərqli kurikulumlar üzrə tədris aparmaq və fərqli qiymətləndirmə meyarları tətbiq etmək təhsil sistemində qeyri-bərabərlik yaradırdı. Bu isə dövlətin Konstitusiya və qanunla müəyyən etdiyi “bərabərlik prinsipi” ilə ziddiyyət təşkil edirdi. Statistik göstəricilər bu strukturun pedaqoji baxımdan da səmərəsiz olduğunu göstərir. Dövlət İmtahan Mərkəzinin 2023-cü il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, rus bölməsi üzrə abituriyentlərin orta balı Azərbaycan bölməsi ilə müqayisədə 25-30 bal aşağıdır. Məsələn, Azərbaycan bölməsi üzrə ali məktəblərə qəbul olunanların orta balı 303 olduğu halda, rus bölməsi üzrə bu göstərici 272 bal olub. Bu fərq təkcə balla ölçülən məsələ deyil – bu, ümumi təlim nəticələrinin keyfiyyət fərqini göstərir. Əgər aşağı balla qəbul olmuş tələbə eyni diplomu alırsa, bu, həm təhsil keyfiyyətinə, həm də diplomun etibarlılığına zərbədir. Tədrisin yalnız Azərbaycan və ingilis dilində aparılması isə vahid kurikulum, vahid qiymətləndirmə və pedaqoji idarəetmə baxımından çox mühüm üstünlüklər yaradır. İki və ya daha çox dildə tədris sistemi eyni zamanda bir neçə pedaqoji çərçivənin saxlanmasına, resursların parçalanmasına və idarəetmədə koordinasiya çətinliklərinə səbəb olur. Bütün ixtisasların Azərbaycan və ingilis dili üzərində qurulması isə təhsildə vahidlik, şəffaflıq və keyfiyyətin artmasına şərait yaradacaq”.
Təhsil eksperti əlavə edib ki, beynəlxalq təcrübədə oxşar dəyişikliklərin uğurlu nümunələri mövcuddur:
“Baltikyanı ölkələrdə – xüsusilə Estoniya və Latviya – rus bölmələri artıq tam şəkildə bağlanıb və yalnız dövlət dilində tədris aparılır. Estoniya 2007-ci ildən başlayaraq bu istiqamətdə ardıcıl addımlar atdı və 2020-ci ildə tam keçid başa çatdı. Bu islahat nəticəsində Estoniya 2022-ci ildə PISA qiymətləndirməsində Avropa üzrə lider mövqe tutdu. Bu, bir daha göstərdi ki, təhsildə milli dilin üstünlüyü yalnız ideoloji deyil, eyni zamanda pedaqoji keyfiyyət göstəricisidir. Ali təhsildə ingilis dilinin ikinci tədris dili kimi qəbul olunması isə beynəlxalq əmək bazarına çıxış baxımından strateji addımdır. 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı əmək bazarı araşdırmasına görə, ölkədə fəaliyyət göstərən işəgötürənlərin 68 faizi ingilis dili biliyini prioritet bacarıq kimi qeyd edib. Eyni zamanda, Dünya Bankı və OECD-nin hesabatlarına görə, ingilis dilində təhsil almış məzunların əmək bazarına inteqrasiya səviyyəsi və gəlir göstəriciləri digərlərlə müqayisədə 20-25 faiz yüksək olur. Bu baxımdan, Azərbaycan universitetlərində rus bölməsinin saxlanması rəqabətə davamlı təhsil deyil, keçmişin inersiyası idi. Digər tərəfdən, bu keçidin icrası zamanı yaranacaq çətinliklər də nəzərə alınmalıdır. Hazırda rus bölməsində təhsil alan şagird və tələbələr üçün dil baryeri, kurikulum fərqləri və psixoloji uyğunlaşma məsələləri önə çıxacaq”.
Təhsil eksperti vurğulayıb ki, prosesin mərhələli həyata keçirilməsi və dil keçidinin dəstəklənməsi üçün əlavə hazırlıq proqramları, dil kursları, keçid imtahanları və metodiki resursların təmin olunması zəruridir:
“Bu tədbirlər olmadan islahat yalnız inzibati qərar olaraq qalacaq və sosial müqavimətlə üzləşə bilər. Yekun nəticə olaraq, tədrisin Azərbaycan və ingilis dili ilə məhdudlaşdırılması təhsildə sosial bərabərliyi, pedaqoji keyfiyyəti və milli kimliyi gücləndirəcək, eyni zamanda tələbələrin qlobal əmək bazarına inteqrasiyasını asanlaşdıracaq. Rus bölmələrinin ləğvi isə yalnız dil məsələsi deyil, sistemin modernləşdirilməsi, dövlətçilik prinsipinin qorunması və informasiya təhlükəsizliyi baxımından da vacib addımdır. Bu dəyişikliklər tətbiq olunarsa, Azərbaycan təhsili daha şəffaf, bərabər və rəqabətqabiliyyətli sistemə çevriləcək. Təhsil sahəsində bu cür strateji islahatlar milli maraqlara uyğun və uzunmüddətli perspektivdə cəmiyyətin inkişafına xidmət edən dönüş nöqtəsi olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az