Rusiya azğınlaşır.
Əslində “azğınlaşmaq” feili Səfərov qardaşlarının ağır işgəncələrə məruz qoyularaq Yekaterinburqda öldürülməsindən sonra Kremlin davranışlarını ifadə etmək üçün ən düzgün feil deyil.
Rusiya həmişə azğın idi, sadəcə, əsl xislətini, gerçək mahiyyətini yenidən ortaya qoyur.
Öncə bunun səbəblərini izah edim və izah etmək üçün bir balaca geriyə- 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ Savaşına qayıdım.
Rusiya savaşın ilk günlərində ZAHİRƏN neytral qaldı. Arxasında dayandığı Ermənistanın işğalçı ordusunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən sürətlə və qətiyyətlə məhv ediləcəyini təxmin etmirdi. Hər zaman olduğu kimi, döyüşlərin qızğın çağında bizi cəzalandıra biləcəyinə inanırdı. Fəqət Azərbaycan cəng meydanına Rusiyanın ağzının suyunu axıdan silahlarla çıxdı, Ali Baş Komandan öz qərargahına ən etibar etdiyi generalları cəlb etdi, düşmənin üstünə federal həri kəşfiyyatın peşəkarlıq səviyyəsini hesablaya bilmədiyi xüsusi təyinatlı qüvvələrlə şığıdı.
Azad edilən hər cığır, hər kənd, hər rayon Rusiyanın Cənubi Qafqazdakı çoxəsrlik imperiya caynaqlarının məhv edilməsi anlamına gəlirdi. Özləri də dəfələrlə etiraf etdilər: “Ohanyan səddi”nin yarılacağına, ermənilərin müqavimətinin qısa zamanda qırılacağına inanmamış, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın savaşdan xeyli sonra Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasından da şoka düşmüşdülər.
Bəli, 44 günlük savaşda Silahlı Qüvvələrimiz İlham Əliyevin müzəffər sərkərdəliyi ilə, sadəcə, Ermənistanı təslim olmağa vadar etməmişdi, Rusiya texnikasını, Rusiya strategiyasını, Rusiya siyasətini də iflasa uğratmışdı. Buna mane olmaq üçün Kreml əlindən gələni əsirgəmir, Ermənistana silah-sursat göndərir, yol göstərir, informasiya dəstəyi verirdi. Üstümüzə “İskəndər” belə atdıracaqdı.
Nəhayət, gerçək bir qəhrəmanlıq dastanı yazaraq ordumuz Şuşanı azad edəndən sonra Putin dözmədi, helikopter təxribatı ilə birbaşa savaşa daxil olmaq istədi. Azərbaycan Prezidenti son dərəcə müdrik bir qərarla tarixi qələbəni qorumaq üçün üçtərəfli anlaşmaya üstünlük verdi. Qarabağa yerləşən Rusiya “sülhməramlılar”ı rəsmi funksiyalarını bir kənara qoyub Xankəndini separatizm yuvası kimi qorumaq üçün əllərindən gələni etdi. Sonda məyus olaraq bölgədən çıxdı. Azərbaycanın əzmi, iradəsi, prinsipiallığı qarşısında əlləri ətəklərindən uzun getdilər. Kremlin seperatizmə dəstək üçün Qarabağa göndərdiyi Ruben Vardanyan qarışıq Xankənkəndidə qurduğu, himayə elədəyi çətənin liderlərini qandallayıb Bakıya gətirdik.
Bütün bunlar, dəfələrlə deyildiyi kimi, Cənubi Qafqazda yeni reallığın yaranması idi. Bəli, Azərbaycan 2003-cü ildən bu yana Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi və strateji bir inkişaf xətti yürüdür. Enerji siyasətindən tutmuş, hərbi-siyasi gücə, mədəni diplomatiyadan geoiqtisadi layihələrə qədər geniş spektrdə görülən işlər nəticəsində ölkəmiz təkcə bölgənin deyil, həm də Avrasiyanın mühüm güc mərkəzlərindən birinə çevrilib. Azərbaycanın artan iqtisadi, hərbi və diplomatik potensialı gün keçdikcə bizi klassik "orta güc" modelinə yaxınlaşdırır. Bu modelə əsasən, dövlətlər yalnız hərbi güclə deyil, həm də diplomatik təşəbbüslər, enerji diplomatiyası və regional stabillikdə oynadığı rola görə təsnif edilir. Azərbaycan bu baxımdan cazibə mərkəzidir. Lap sadə dildə deyim: iqtisadi, hərbi, geopolitik böhranla üzləşmiş Rusiya Cənubi Qafqazdakı mövqelərinin itirir, yaranan boşluğu Bakı tutur. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq sistemdə “suveren aktor” kimi çıxış edir. Bu konsept dövlətin daxili və xarici siyasətdə öz seçimlərini sərbəst müəyyən etməsi, hər hansı blok və ya alyansa tabe olmadan qərar verməsi ilə xarakterizə olunur. İlham Əliyevin liderliyi ilə Azərbaycanın NATO, Rusiya, İran, Çin və Avropa İttifaqı arasında balanslı siyasət yürütməsi bu yanaşmanın praktik nümunəsidir.
44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşan yeni siyasi düzən “post-hegemonik konfiqurasiya” kimi təhlil edilə bilər. Bu konfiqurasiyada Rusiya dominant güc olmaq əvəzinə, Türkiyə və Azərbaycanın artan rolu ilə qarşılaşır. Kreml bu dəyişən çoxqütblü düzəni qəbul etməyə çətinlik çəkir və əvvəlki hegemonluğunu bərpa etməyə çalışır. Buna siyasət elmində "periferik nəzarət" (peripheral control) deyirlər. Bu siyasətə əsasən, Rusiya öz neo-imperial ambisiyaları çərçivəsində qonşu ölkələrin tam suveren hərəkət imkanlarını məhdudlaşdırmağa çalışır.
Azərbaycan isə bu modeli pozan, müstəqil qərarvermə hüququnu qoruyan yeganə ölkələrdən biridir.
Bu fakt Kremlin Azərbaycana qarşı aqressiyasının əsas səbəbidir.
Rusiya Azərbaycandan nə istəyir?- bəzən soruşurlar.
Rusiya Azərbaycandan sərvətlərimizi, gücümüzü, müstəqilliyimizi, tərəqqi əzmimizi, qürurumuzu, iradəmizi, ləyaqətimizi istəyir.
Rusiya öz "neo-imperial reflekslər"i ilə postsovet ölkələrinin milli tərəqqi modellərinə qarşı çıxır.
Bu reflekslər Kremlə boyun əyməyən ölkələrə qarşı sosial, informasiya, siyasi və hərbi təzyiqlər sayaq üzə çıxır.
Azərbaycan bu çürümüş reflekslərə öz milli birliyi və müstəqillik iradəsi ilə cavab verir.
Bu gün Rusiya ilə Azərbaycan arasında imperiyaya qarşı müstəqillik mübarizəsinin yeni dalğası yaşanır.
Bu milli istiqlal davamızın güvənilən, qüdrətli və şəriksiz lideri məhz İlham Əliyev- Azərbaycanı imperiyaların qaranlıq planlarından xilas edib işıqlı gələcəyə daşıyan qılavuzdur.
Bu mürəkkəb və gərgin geosiyasi tabloda Azərbaycanın ən böyük üstünlüyü güclü, milli maraqlara sadiq, uzaqgörən liderə sahib olmasıdır. İlham Əliyev təkcə dövlət başçısı kimi yox, həm də kütləvi siyasətin lideri, milli təhlükəsizlik sistemimizin memarı və ürəyi xalqla döyünən şəxsiyyət olaraq prosesləri anlıq deyil, strateji baxışla yönəldir. O, ən müxtəlif təzyiq və şantaj cəhdlərinə baxmayaraq, Azərbaycanın suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qətiyyətlə qoruyur. Prezident İlham Əliyevin iradəsi, prinsipiallığı və qərarlılığı sayəsində Azərbaycan istər Rusiya, istərsə də Qərb qarşısında milli maraqları önə çıxaran bərabərhüquqlu tərəfdaş kimi davranır.
Odur ki, əminliklə deyirəm: Bu mübarizədən də üzüağ, başı dik, zəfərlə çıxacağıq!
Tarix boyu xalqımız sınaqlardan alnıaçıq çıxmağı bacarıb. Bu gün də üstümüzə yönələn təzyiqlər, təhdidlər millətimizin və liderimizin iradəsi qarşısında puç olacaq. İstiqlal davamızda İlham Əliyevin qətiyyətli siyasəti dövlətçiliyimizin, müstəqilliyimizin və milli birliyimizin möhkəm təməllərinə arxalanır. Azərbaycanın taleyi heç bir xarici gücün kabinetlərində həll oluna bilməz.
Xalqımızı idarə edəcək yalnız bir dövlət var- Azərbaycan Respublikası!
Azərbaycan Respublikasının yalnız bir paytaxtı var- Bakı!
Bu gün “Azərbaycan” demək, “paytaxt” demək İlham Əliyev deməkdir.
Milli müqəddəratımızın ünvanı, xarakteri, lideri odur!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru