“Qohum evliliklərinin qadağan edilməsi məsələsi uzun müddətdir ki, həm tibb sahəsinin, həm də sosial elmlərlə məşğul olan mütəxəssislərin diqqətində idi. Lakin cəmiyyətin bəzi qrupları bu mövzuda ənənəvi tutuma sahib idilər və dəyişiklik zərurətini qəbul etmək istəmirdilər. Azərbaycanın bu istiqamətdə atdığı addım, gec də olsa, olduqca zəruri və vacib bir qərardır. Belə məhdudiyyətlər yalnız genetik xəstəliklərin qarşısını almaq məqsədi daşımır, eyni zamanda, cəmiyyətin genetik müxtəlifliyinin qorunmasına xidmət edir. Buna görə də qohum evliliyini sadəcə fərdi seçim kimi qiymətləndirmək doğru olmaz — çünki bu seçimin fəsadları yalnız bir ailəyə deyil, bütöv gələcək nəsillərə sirayət edir. Evlilik iki insan arasında şəxsi münasibətin rəsmi tənzimlənməsi olmaqla yanaşı, cəmiyyət qarşısında sosial bir öhdəlik və müqavilə xarakteri daşıyır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev deyib.
Xatırladaq ki, Azərbaycanda artıq qohumlar arasında nikah bağlamaq qanunla qadağan edilib. Bu qərar cəmiyyətdə müxtəlif reaksiyalar doğurub. Bəzi insanlar bu addımı vacib və gecikmiş qərar kimi qiymətləndirir, digər tərəfdən isə dövlətin ailə münasibətlərinə müdaxiləsini məqsədəuyğun saymırlar. Qohum evliliklərini ənənə olaraq görənlər hesab edir ki, qadağa problemi tam həll etməyəcək və belə nikahlar gizli şəkildə davam edəcək. Onların fikrincə, qanunun təsiri sosial və mədəni faktorlarla bağlı olduğundan, praktiki nəticələri fərqli ola bilər.
Sosioloq bildirib ki, qohum evliliklərinin qadağan olunması fərdi deyil, ümumi ictimai maraqların qorunması kimi qiymətləndirilməlidir.
“Ancaq başa düşmək lazımdır ki, bu addım bəzi konservativ qrupların müqaviməti ilə qarşılaşacaq. Çünki qohum evliliyi bir çox hallarda sadəcə nikah deyil, həm də ailə sərvətinin qorunması və yad əllərə keçməsinin qarşısını almaq üçün bir vasitə kimi görülür. Rəsmi nikah bağlamadan birlikdə yaşayan cütlüklərə gəlincə isə, onlar bir sıra hüquqi və sosial risklər qarşısında qalacaqlar. Uşaqların hüquqi vəziyyəti, mirasla bağlı məsələlər, valideyn məsuliyyəti və boşanma zamanı əmlak bölgüsü kimi məsələlərdə ciddi hüquqi çatışmazlıqlar yaranır ki, bu da həm fərdi, həm də ictimai problemlərə yol açır. Sonda vurğulamaq lazımdır ki, bu cür qərarların qanun çərçivəsində qəbul olunması müsbət olsa da, təkcə qanunla iş bitmir. Əgər bu istiqamətdə geniş ictimai maarifləndirmə aparılmasa, icma liderləri, din xadimləri və nüfuzlu şəxslər bu prosesə cəlb olunmasa, bu nikah forması sadəcə daha gizli şəkildə davam edəcək və real dəyişiklik baş verməyəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az