“Azərbaycan və İran arasında münasibətlər ümumilikdə yaxşıdır və zaman-zaman müəyyən fərqliliklər olsa da, əlaqələr əsasən stabildir. Faktlar göstərir ki, İran Azərbaycanın qonşusudur və orada təxminən 50 milyon azərbaycanlı soydaşımız yaşayır. Hər iki dövlət müsəlman ölkəsidir və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir sıra beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Bu reallıqlar səbəbindən Tehran və Bakı bir-birini tam təcrid edə bilməz və münasibətlər müəyyən geosiyasi şəraitə təsir edir. Azərbaycan öz ərazisində heç bir dövlətə, o cümlədən İrana qarşı hərbi əməliyyatlara icazə verməz, çünki bu, ölkənin tərəf olmasına səbəb ola bilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsrail dronlarının Azərbaycan ərazisindən, xüsusilə Zəngilan istiqamətindən İrana hücum etdiyi barədə iddialar səsləndirib. Rəsmi Bakı bu ittihamları təxribat və əsassız sayır. Paralel olaraq, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib ki, Tehran Azərbaycanın öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcəyinə əmindir.
Siyasi şərhçi bildirib ki, Azərbaycan eyni zamanda balanslı siyasət yürüdür və heç bir tərəfin tərəfində dayanmaq niyyətində deyil.
“İran və İsrail arasında müharibə zamanı da Azərbaycan neytral mövqeyini qoruyub saxlayıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hava məkanı heç bir dövlətə qarşı istifadə olunmur və olunmayacaq. Bu mövqe həm beynəlxalq ictimaiyyətə, həm İran daxilində münasibətləri pozmaq istəyənlərə, həm də oradakı azərbaycanlı soydaşlara mesajdır. İran-İsrail müharibəsi göstərdi ki, Bakı və Tehran münasibətləri sağlam təməl üzərində inkişaf edə bilər, ancaq bunun üçün İran hakimiyyəti Azərbaycanın xarici siyasət, təhlükəsizlik və iqtisadi prioritetlərinə, o cümlədən Zəngəzur dəhlizi məsələsinə diqqət yetirməlidir və əvvəlki səhvləri təkrarlamamalıdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az