"Rus bölmələrinə maraq azalıb, vətəndaşlar ana dilində təhsilə üstünlük verir" - DEPUTAT

3 İyul 2025 13:51 (UTC+04:00)

Azərbaycanda rus bölmələrinin fəaliyyətinin birdən-birə dayandırılması həm həmin məktəblərdə çalışan pedaqoji heyət, həm də təhsil alan şagirdlər üçün ciddi çətinliklər yarada bilər. Dövlət isə bu həssaslığı nəzərə alaraq məsələni mərhələli və diqqətli şəkildə həll etməyə üstünlük verir. Son dövrlər cəmiyyətdə rus bölmələrinə marağın azalması və Azərbaycan dilində təhsilə üstünlük verilməsi müşahidə olunur. Buna görə də prosesin tədricən və sosial baxımdan balanslı şəkildə aparılması vacibdir.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, artıq rəsmi mövqelər açıqlanıb və Elm və Təhsil Nazirliyi bu istiqamətdə ardıcıl addımlar atır:

“Bu məsələ mərhələli şəkildə həll olunmalıdır. Birdən-birə addım atmaq düzgün deyil, çünki əlavə problemlər yarana bilər. Ona görə də düşünülmüş, ehtiyatlı addımlar atılmalı, tədbirlər düzgün planlanmalıdır ki, istədiyimiz nəticəyə nail olaq. Əks halda, proses mürəkkəbləşə və gözlənilməz vəziyyətlər yarana bilər. Tələsmədən, ölçülü-biçili irəliləmək lazımdır ki, növbəti mərhələlərdə çətinliklərlə üzləşməyək. Məqsədimiz uzunmüddətli və dayanıqlı nəticələr əldə etməkdir”, – deyə deputat vurğulayıb.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az