"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması, dövlət dilinin mövqeyinin möhkəmləndirilməsi və milli kimlik şüurunun gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə görə, ölkənin yeganə dövlət dili Azərbaycan dilidir və bütün rəsmi fəaliyyət bu dildə icra olunmalıdır. Bu hüquqi norma həm idarəçilik sistemində, həm də təhsil siyasətində öncüllük təşkil edir".
Bu barədə AzNews.az-a millət vəkili Elçin Mirzəbəyli açıqlama verib.
Deputat deyib:
"Bununla belə, geridə qalan zaman kəsiyində ölkəmizdə uzun müddət formalaşmış rus dilində baza təhsili ənənəsi də müəyyən qədər qorunub saxlanılıb, rus bölmələri dövlət büdcəsi hesabına maliyyələşdirilib. Lakin son illər cəmiyyətin müxtəlif təbəqələrində rus bölmələrinin aktuallığının tədricən azalması və Azərbaycan dilində təhsilə marağın artması müşahidə olunur. Bu proses həm mövcud reallıqlarla, həm də qlobal trendlərlə, yəni milli identikliyin möhkəmlənməsi və müstəqil təhsil siyasətinin güclənməsi ilə uyğunluq təşkil edir.
Şəxsən mən, dövlət büdcəsi hesabına maliyyələşən təhsil müəssisələrində, təhsilin yalnız dövlət dilində olmasının tərəfdarıyam. Qənaətimə görə, digər dillərdə təhsil formaları daha çox əlavə və ya seçim əsaslı modellər şəklində, bir qayda olaraq ya özəl məktəblərdə, ya da fakültativ kurslar formatında həyata keçirilə bilər.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Təhsil haqqında” qanunda Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində, yaxud bütövlükdə təhsilin Azərbaycan dilində olması ilə bağlı imperativ müddəa yoxdur. “Təhsil haqqında” Qanunun təhsil hüququna dövlət təminatını müəyyənləşdirən 5-ci maddəsində qeyd olunur ki, “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir”.
Həmçinin, nəzərə almaq lazımdır ki, Azərbaycanın beynəlxalq öhdəlikləri, o cümlədən mədəni hüquqlar haqqında beynəlxalq paktlar və Avropa İnsan Hüquqları Konvensiyası, valideynlərin uşaqlarını öz istədikləri dildə təhsil vermək hüququnu nəzərdə tutur. Düşünürəm ki, ana dilində təhsil məsələsində daha çox vətəndaşlarımız təəssübkeşlik nümayiş etdirməli və danışmaq əvəzinə ana dilində təhsili yaxın qohumları, doğmaları və dostları arasında təşviq etməlidirlər. Baxırsan, adam sosial şəbəkələrdə rus dilində təhsilin əleyhinə statuslar yazır, çıxış edir, amma övladının, yaxud nəvəsinin rus dilində təhsil alması üçün, hətta minnətçi də düşür. Və ya doğmalarının, yaxınlarının ailə üzvlərinin rus dilində təhsil almalarına tamamilə təbii yanaşır. Təəssüf ki, bir sıra digər məsələlərdə olduğu kimi, bu məsələdə də az da olsa ictimai riyakarlıq sezilməkdədir. Valideynlər uşaqlarını rus dilində təhsil verən məktəblərə göndərməsələr, məsələ də öz-özlüyündə həllini tapacaq.
Hazırda rus dilində təhsil verən orta ümumtəhsil müəssisələrində reallıqlar bir neçə il öncəkindən fərqlənir. Rus dilində keyfiyyətli təhsil verən müəllimlərin sayı, təbii səbəblərdən gündən-günə azalır. Artıq elə fənlər var ki, həmin fənlərdən rus dilində təhsil verəcək müəllim, demək olar ki, yoxdur. Amma Azərbaycan dilində keyfiyyətli təhsil verən müəllimlərin sayı isə, hətta bəzən bunu görmək istəməsək də, artmaqdadır.
Bu baxımdan, qənaətimə görə, ilk növbədə rus dilində təhsil verən məktəblərdəki real vəziyyət və bunun təbii səbəbləri ilə bağlı ciddi araşdırma aparılmalıdır və ictimaiyyət də dövlət dilində təhsilə üstünlük verdiyini nümayiş və təşviq etməlidir.
Zənnimcə bu proses tələsmədən, hüquqi, pedaqoji və sosial prinsipləri əsas tutularaq, ictimaiyyətin əməli dəstəyi və iştirakı ilə mərhələli formada aparılmalıdır".
Rəfiqə,
AzNews.az